Lexus LC modelinin “bərkgedən” modifikasiyası olacaq LC-F kupesi 630 at qüvvəli 4,0-litrlik səkkiz silindrli biturbo mühərrik ilə təchiz ediləcəkdir.
Model, həmçinin karbon lifləri ilə gücləndirilmiş plastikdən elementlərə də sahib olacaqdır. Bu barədə, şirkət daxilindəki anonim mənbəyə istinadən Lawrence Motorcycle X Car nəşri xəbər verib. Kompozit materiallardan geniş istifadə edilməsi, kupenin çəkisini yeddi faiz azaldaraq 1778 kiloqrama salmağa yardım edəcəkdir.
Yeni modifikasiya 2019-cu ildə satışa çıxarılmalıdır. “Bərkgedən” kupe Yaponiyada 20 milyon yendən (40130 manat) satılacaqdır. Xatırladaq ki, Lexus LC500 modeli vətənində 13 milyon yenə (26100 manat) satılır. Bir müddət bundan öncə, Lexus LC-F modelinin mühərrikinin NX 200t krossoverinin dörd silindrli iki mühərrikinin 90 dərəcə bucaq altında birləşdirilmiş variantı olacağı bildirimişdir. 10-pilləli avtomatik ötürmələr qutusu ilə tandemdə çalışacaq güc aqreqatının 600 at qüvvəsi hasil edəcəyi söylənilirdi.
Lexus LC 500 kupesi 5,0-litrlik səkkiz silindirli «atmosfer» mühərriki ilə təchiz edilir. Mühərrikin verimi 473 at qüvvəsi və 527 Nm fırlanma anı təşkil edir. Güc aqreqatı öz növbəsində, 10 diapazonlu avtomatik sürətlər qutusu ilə birgə çalışır.