Lexus markasının bayraqdar kabrioleti olan LC Convertible modelinin seriya versiyasının kamuflyajsız şəkilləri internet şəbəkəsində peyda olub. Yeni modelin şəkillərini ABŞ-da həyata keçirilən reklam çarxının hazırlanması prosesi zamanı çəkiblər. Lexus LC kabrioletinin Los Anceles avtosalonunda debüt edəcəyi gözlənilir.
Qeyd etmək lazımdır ki, kabrioletin seriya versiyası bu ilin yanvarında Detroytda nümayiş etdirilimiş konseptdən bir qədər fəqlənir. Modelin arxa oturacaqlarının kürək hissəsinin forması dəyişdirilmiş, küləkdən qorunmaq üçün müdafiə ekranı peyda olmuş, qatlanan örtüyün üzərini qapayan panel oturacaqların rəngində tərtibata malik olmuşdur.
Avtomobilin texniki hissəsi açıqlanmasa da, kabrioletin kupe kuzovlu LC modeli ilə eyni texniki göstəricilərə malik olacağından şübhə etməmək olar. Çox güman ki, kabriolet texniki cəhətdən Lexus LC modelini təkrarlayacaqdır. Xatırladaq ki, Lexus LC kupesi 477 at qüvvəsi və 540 Nm fırlanma anı hasil edən 5,0-litrlik V8 mühərriki ilə təchiz edilir. Güc aqreqatı 10-pilləli avtomatik transmissiya ilə tandemdə çalışır. Yerindən 100 km/saat həddinə 4,7 saniyəyə sürətlənir və 270 km/saat maksimal sürət həddinə malikdir.
Lexus hibrid güc qurğusu ilə təchiz edilən LC 500h modelini də təklif edir. Bu qurğunun kabrioletin kapotunun altında yer alacağı da şübhə doğurmur. Hibrid güc aqreqatının tərkibinə 295 at qüvvəsi və 348 Nm fırlanma anı olan 3,5-litrlik V6 mühərriki, 60 at qüvvəsi gücü olan elektromotor, litium-ion batareyalar dəsti və dörd pilləli avtomatik sürətlər qutusu daxildir. Pillələrin dəyişdirilməsi sükanaltı dəstəklər vasitəs ilə də həyata keçirilə bilər.
Litium-ion batareyaların çəkisi 50 kiloqrama bərabərdir. Hibrid güc aqreqatının ümumi gücü 355 at qüvvəsi təşkil edir ki, bu da kupeyə 100 km/saat sürətini beş saniyədən az vaxta toplamağa imkan verir.