Toyota şirkətinin Tokyoda keçirilmiş xüsusi tədbirdə 16 elektrik konseptini nümayiş etdirdiyi barədə məlumat vermişdik. Məlum məsələdir ki, bu konseptlərina arasında Lexus elektromobilləri də var idi. Hətta, Lexus konseptlərinin arasında “pərəstiş obyekti olan LFA modelinin bir hissəsini miras alacaq” sportkar da var. Yeni sportkarın sərtgövdəli batareyaları alacağı və 700 kilometr məsafə qət edə biləcəyi söylənilir.
Lexus Electrified Sport konsepti cizgilərindən yeni Supra modelini xatırladır. Göstərilən hələlik maketdir, lakin gələcəkdə onun əsasında ideya cəhətdən Lexus LFA modelinə yaxın olan elektrik sportkarı yaradılacaqdır. İstehsalçı hətta məhdud saylı tirajla buraxılmış kupenin yaradılması zamanı əldə edilmiş təcrübədən də istifadə etməyi düşünür. Bu elektrokarın idarələnməsini daha da dəqiq etməlidir.
Elektrik sportkarı yerindən 100 km/saat həddinə iki saniyəyə sürətlənəcək və dolu batareya ilə elektrik yükləmədən 700 kilometr məsafə qət edəcəkdir. Üstəlik, yaponlar sportkarın sərtgövdəli batareya ilə təchiz olunacağını istisna etmirlər.
Xatırlatmaq istərdik ki, Lexus LFA modelinin ən güclü LFA Nurburgring Package versiyası 571 at qüvvəsi və 480 Nm fırlanma anı hasil edən 4,8-litrlik V10 mühərriki və 6-pilləli ötürmələr qutusu ilə təchiz edilirdi. Kupesi 100 km/saat həddinə 3,6 saniyəyə sürətlənir və 325 km/saatlıq maksimal sürətə malik idi. Modelin tirajı 500 nüsxədən ibarət idi. Hərraclarda ekstremal kupenin qiyməti 1,5 milyon dollara çatır.
Electrified Sport konsepti ilə birlikdə RZ krossoveri (batareyalı RX), daha iri Electrified SUV krossoveri, kupeşəkilli Electrified Sedan sedanı, hetçbek, universal və kabriolet nümayiş etdirilib. Plana əsasən, 2030-cu ilə qədər Lexus bütün bazar seqmentlərində çıxış edən elektrokarlara malik olacadır. Avropa, Şimali Amerika və Çindəki satışların 100 faizi onların payına düşəcəkdir. 2035-ci ildə isə, Lexus markasının qlobal model xəttində daxili yanma mühərriki olan avtomobillər qalmayacaqdır.
Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.