Lexus brendinin tarixi faktiki olaraq, 1989-cu ildə debüt etmiş LS modeli ilə başlayıb. 36 ildir ki, Lexus LS brendin dəyişməz flaqmanıdır. İndiki beşinci nəsil 2017-ci ildə debüt edib və 2020-ci ildə yenilənib. Avtomobil sənayesinin qeyri-rəsmi qaydalarına əsasən, onun həyat dövrü başa çatmaq üzrədir, lakin flaqman sedanın varisi olmayacaq.
Qeyd etmək gərəkdir ki, istehlakçıların modelə olan marağı kəskin şəkildə azalıb: məsələn, ən vacib ABŞ bazarında bu ilin birinci yarısında cəmi 691 ədəd LS sedanı satılıb (2024-cü ilin eyni dövrü ilə müqayisədə 42% az). Bundan əlavə, cari ilin yazında ölçüləri əhəmiyyətli dərəcədə böyümüş yeni Lexus ES sedanı debüt edib və o, yapon markasının flaqmanı adına iddialıdır. İndi isə, ABŞ-da faktiki olaraq vida versiyası sayılan xüsusi Lexus LS Heritage Edition sedanı nümayiş etdirilib.

Yeni xüsusi versiya birinci nəsil Lexus LS sedanına həsr olunub. Məsələn, onun eksteryeri demək olar ki, sələfi kimi tünd qara metallikə - Ninety Noir rənginə boyanıb. Sedan tünd vurğular və 20 düymlük tünd boz rəngli təkər diskləri ilə təchiz olunub.
İnteryer digər Lexus modelləri üçün əlçatan olan, lakin LS modelində ilk dəfə təklif edilən qırmızı Rioja Red dərisi ilə üzlənib. Digər xüsusiyyətlərə misal kimi, nəşrin mərkəzi konsolda həkk olunmuş loqotipi və avtomobilin başlıqlara tikilmiş silueti daxildir. Ağac şponundan hazırlanmış xüsusi dekor, habelə tavan və günəşliklərin Ultrasuede materialı ilə üzlənməsi də nəzərdə tutulub.

Standart avadanlıq siyahısı genişdir: təchizata panoram dam, dairəvi görüntü sistemi, qızdırılan arxa oturacaqlar və 2400 vatt gücündə Mark Levinson audio sistemi (23 dinamik) daxildir. Texniki təkmilləşdirmələr yoxdur. Heritage Edition versiyası yalnız 3,4-litrlik V6 tvin-turbo mühərriki (422 at qüvvəsi və 600 Nm), 10-pilləli avtomatik transmissiya və oxlararası Torsen differensialı olan daimi tam ötürməsi ilə təchiz edilmiş Lexus LS 500 AWD sedanı üçün əlçatandır.
Lexus bu avtomobillərdən yalnız 250 ədəd istehsal edəcək və onların hamısı ABŞ bazarı üçün nəzərdə tutulub. Qarşıdan gələn 2026 model ilində flaqmanın başqa versiyaları olmayacaq. Xüsusi Xüsusi versiyanın qiyməti 99 280 dollar təşkil edir, xatırladaq ki, benzin mühərrikli LS 500 üçün 81 - 89 min ABŞ dolları tələb olunur.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.