Lexus LX modelinin tarixi 1996-cı ildən başlayır. O zaman təqdim edilmiş LX 460 modeli Land Cruiser 80 ofrouderinin bazasında hazırlanmışdı və donorundan demək olar ki, loqotipləri ilə fərqlənirdi. 1998-ci ildə təqdim edilən ikinci nəsil LX 470 modeli artıq Toyota modelindən dizaynı ilə fərqlənirdi. Yeni LX modeli ön və arxa tərəfin yeni dizaynına malik idi. Bu gün satılan LX modeli isə 2008-ci ildə debüt edib və Toyota ofrouderindən artıq ciddi şəkildə fərqlənir.
Toyota Land Cruiser 300 modeli təqdim edildikdən sonra, hər kəsi bir məsələ düşündürür – növbəti nəsil Lexus LX modeli nə zaman debüt edəcək? Qeyd etmək gərəkdir ki, yeni nəsil Lexus LX ofrouderi debütə tam hazırdır. Buna yeni nəsil NX krossoverinin təqdimatı zamanı örtük altında nümayiş etdirilmiş avtomobil dəlalət edir.
Bu günlərdə Kolesa.ru nəşri yeni ofrouderin dizaynı barədə öz baxışlarını nümayiş etdirib. Nəşrin dizayneri tərəfindən hazırlanmış renderlərdə, yeni ofrouderin son Lexus modellərinin üslubunda nəhəng radiator barmaqlığına və nazik formalı ön fənərlərə sahib olacağı görünür. Arxa tərəfin dizaynı da Land Cruiser 300 modelindəkindən fərqli olmalıdır. Burada baqaj qapısının eni boyunda uzanan və arxa fənərləri birləşdirən işıqlanan zolaq peyda olmalıdır.
Yeni Lexus LX modelinin Toyota LC 300 ofrouderinin bazasında hazırlanığını nəzərə alsaq, yeni modelin LC 300 ilə ramalı GA-F modul platformasını bölüşəcəyini söyləmək olar. Çox güman ki, platforma ilə yanaşı, hər iki modelin mühərrik çeşidi də eyni olacaqdır. Təsdiq olunmamış məlumatlara görə, premium ofrouder LX 570, LX 600 və hibrid LX 750h versiyalarında təklif ediləcəkdir. LC 300 modeli kimi, LX ofrouderi də 10-pilləli “avtomat” ilə təchiz olunacaqdır.
Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.