Lexus şirkəti bu ayın sonunda işinə başlayacaq Los-Anjeles avtosalonunda LX570 modelinin Inspiration Series adlı xüsusi seriyasını təqdim edəcəkdir. Yeni seriyadan olan ofrouderlər Black Onyx rənginə boyanmış kuzova, qara rəngli 21-düymlük təkər disklərinə, tündləşdirilmiş işıq texnikasına, həmçinin arxa fənərlərin, baqaj qapağının, pəncərə və radiator barmaqlığının qara rəngli xrom haşiyəsinə sahib olacaqdır.
Ofrouderin interyer tərtibatında qara və açıq qəhvəyi rənglərdən istifadə edilibdir. Avtomobilin oturacaqları tamamilə, qapı panelləri isə qismən yarıanilin Moonlight dərisi ilə üzlənibdir. Tavan, döşəmə, ön panel və qapı panellərinin tərtibatında qara rəngli alkantara və dəridən istifadə edilibdir.
LX Inspiration modelinin standart təchizatına arxa sərnişinlərin əyləncə kompleksi, 450-vatlıq 19 dinamikli Mark&Levinson səs sistemi, qızdırılan və havalandırmalı ön və ikinci cərgənin oturacaqları, rəngli proyeksiya displeyi, ön dirsəkaltındakı soyudulan bölmə və dörd zonalı Climate Concierge sistemi daxildir.
Texniki cəhətdən ofrouder dəyişməyib. Lexus LX570 Inspiration 388 at qüvvəli 5,7-litrlik V8 benzin mühərriki, səkkiz pilləli avtomatik sürətlər qutusu və tam çəkiş sistemi ilə təchiz edilir. 2630 kiloqram ağırlığa malik olan iri ofrouder 100 km/saat sürətini 7,4 saniyəyə toplayır və 220 km/saat maksimal sürətə malikdir. Ofrouderin ABŞ-dakı satış qiyməti 100420 dollar təşkil edir.