Yığcam LBX krossoveri Lexus markası üçün sadəcə növbəti yenilik deyil, həm də yapon brendinin tarixdəki mühüm mərhələlərdən biridir. Birincisi, qarşımızdakı avtomobil Avropa üçün nəzərdə tutulmuş ilk Lexus modelidir. İndiyədək yapon brendi üçün prioritet bazarlar Şimali Amerika, Yaxın Şərq, Yaponiya və Çin olub. İkincisi, yenilik indiyə qədər buraxılmış ən yığcam Lexus avtomobilidir. Xatırladaq ki, Lexus LBX modeli yığcam Toyota Yaris Cross krossoverinin əsasında yaradılıb.
Xoşbəxtlikdən, söhbət sadəcə üz dəyişikliyindən getmir. Lexus LBX krossoveri Yaris modelindən damın, qapıların və şüşələrin formasına görə fərqlənən orijinal kuzova malikdir. Məsələn, ön qapılarda açılmayan üçbucaqlı şüşələr peyda olub, arxa qapılar isə əksinə bütöv şüşəbi alıblar. Kuzov poladandır, lakin kapot alüminiumdandır. Yaris modelindən başqa bir mühüm fərq - əhəmiyyətli dərəcədə təkmilləşdirilmiş səs izolyasiyası olmalıdır.
LBX krossoveri əvvəllər Lexus brendinin istifadə etmədiyi kiçik GA-B modul platformasına əsaslanır. Toyota Yaris Cross modeli ilə müqayisədə LBX krossoverinin təkər bazası 20 millimetr (2580 millimetr) uzundur. Ümumi ölçülərə gəlincə, Lexus LBX orijinal Toyota krossoverindən 10 millimetr (4190 millimetr) uzun, 60 millimetr enli (1825 millimetr) və 50 millimetr (1545 millimetr) alçaqdır. Təkər diskləri - 17 və ya 18 düymlükdür.
Lexus LBX modelinin ön tərəfi, şirkətin Resolute Look adlandırdığı yeni dizaynı üslubunda tərtibata malikdir. Brend üçün ənənəvi olan radiator barmaqlığının yuxarı hissəsi nəhayət kəsilib və yalnız çərçivəsiz trapesiya qalıb, fənərlər isə tünd zolaqla birləşdiriliblər. Bu üslub tezliklə yapon brendinin digər modellərində də tətbiq ediləcəkdir. Rəng və dekorativ həlləri ilə fərqlənən dörd dizayn variantı (Elegant, Relax, Emotion, Cool) mövcuddur.
LBX modelinin interyerinin Yaris modeli ilə heç bir əlaqəsi yoxdur və böyük Lexus modellərinin üslubunda hazırlanıb. Burada virtual cihazlar paneli (12,3 düym) və mediasistemin böyük planşeti (9,8 düym) var. Planşet klimat-kontrolun idarəedilməsindən də məsuldur. Bütün qapıların qıfılları elektromexanikidir: onları açmaq üçün (artıq RX və NX modellərində tətbiq olunur) tutacaqların daxili hissəsini sıxmaq kifayətdir. Qəza hallarında mexaniki açılma üsulu da qorunub saxlanılıb (bunun üçün dəstəyi çəkmək lazımdır).
Oturacaqların üzlənməsi üçün süni və ya əsl yarımanilin dəridən istifadə olunur. Opsiyalar arasında proyeksiya displeyi, 13-dinamikli Mark Levinson səs sistemi, daxili kontur işıqlandırması (50 rəng seçimi), dairəvi müşahidə kameraları var. Lexus Safety System + elektron köməkçilər kompleksi LBX modelinin baza təchizatına daxildir. Arxa sırada - əlavə rahatlıqlar yoxdur. Mərkəzi tunelin sonunda havalandırma sisteminin deflektorları belə yoxdur. Baqajın həcmi - ön ötürməli versiya üçün 332 litr, tam ötürüməli üçün isə 300 litrdir.
Lexus LBX yalnız bu yaxınlarda təkmilləşdirilmiş Toyota Yaris hetçbekində debüt edən hibrid güc aqreqatı ilə təklif olunur. Lakin krossover daha böyük və daha güclü litium-metalhidrid batareyasını əldə edib. Üçsilindrli 1,5-litrlik atmosfer benzin mühərriki elektromexaniki variator ilə tandemdə çalışır. Hibrid aqreqatın ümumi hasilatı 136 at qüvvəsi və 185 Nm təşkil edir. 100 km/saata sürətlənmə vaxtı 9,2 saniyədir.
Önötürməli baza versiyada yarımüstəqil arxa asqı quraşdırılır. Belə bir krossoverin boş çəkisi 1280 kiloqramdır. Hibrid Toyota Yaris Cross modelində bu rəqəm 1170 kiloqram təşkil edir. Opsional tam ötürmə sistemi, arxa oxda ayrıca elektrik mühərriki olan E-Four sistemidir. Bu halda, arxada tam müstəqil asqı quraşdırılır, lakin hibrid qurğunun pik hasilatı dəyişmir.
Lexus LBX modeli bu ilin sonunda konveyerə çıxmalıdır. Onun Avropadakı satışlarına 2024-cü ilin əvvəlində başlanmalıdır. Burada onun əsas rəqibləri Audi Q2 (32 min avrodan) və DS 3 (30 min avrodan) modelləri olacaqlar.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.