Lexus modelləri ən etibarlı avtomobillər kimi tanınırlar. Bu qənaətə üçillik avtomobil sahibləri arasında sorğu keçirən amerikan J.D. Power konsaltinq agentliyinin ekspertləri gəliblər. Ənənəvi olaraq, fevralın əvvəlində dərc edilən illik reytinqdə yenidən Lexus markası liderlik edir - yapon markasının altıncı yerə gerilədiyi 2022-ci il istisna olmaqla, o 11 ildir ki, ardıcıl şəkildə birinci yeri tutur. Lakin autsayderlər sırasında elə də ciddi dəyişiklik baş verməyib: sonuncu yeri əvvəlki kimi Land Rover markası tutur.

Etibarlılıq reytinqi avtomobil sahiblərinin üç il ərzində qarşılaşdıqları problemlər əsasında tərtib edilir. Hər bir marka üçün PP100 indeksi (Problems Per 100 Vehicles) müəyyən edilir - yəni 100 avtomobilə düşən müəyyən edilmiş problemlərin sayı. Bu göstərici nə qədər aşağı olarsa, brendin siyahıdakı yeri bir o qədər yüksək olur. Bu ilki sorğuda 30 mindən çox amerikalı avtomobil sahibi iştirak edib: sənaye üzrə orta göstərici 186 PP100 təşkil edir ki, bu da 2022-ci ildəkindən altı bal çoxdur.

İlk beşlik belədir: Lexus (133 PP100), Genesis (144 PP100), Kia (152 PP100), Buick (159 PP100) və Chevrolet (162 PP100). Başqa sözlə, Lexus ən etibarlı avtomobilləri istehsal edir, kütləvi brendlər arasında isə lider Kia markası olub. Bu il ən etibarsız avtomobilləri olan ilk beşlik Land Rover (273 PP100), Lincoln (259 PP100), Audi (252 PP100), Ford (249 PP100) və Mercedes-Benz (240 PP100) markalarından ibarətdir.

Hesabatda konkret modellərdən də bəhs edilir. Beləliklə, Lexus RX və Toyota C-HR krossoverləri ən etibarlı modellər kimi tanınıblar. Kia brendi Forte və Optima modelləri ilə kiçik və orta ölçülü avtomobillər arasında birinci yeri tutub, Kia Sportage isə yığcam krossoverlər arasında ən yaxşı nəticəni göstərib. Ekspertlər Chevrolet Tahoe və Blazer, GMC Sierra və Toyota Tacoma modellərinin etibarlılığını da qeyd ediblər.

Ümumi nəticə belədir: avtomobil istehsalçıları ildən ilə daha etibarlı avtomobillər istehsal edirlər, lakin qabaqcıl texnologiyalar və məlumat-əyləncə sistemləri ilə bağlı problemlər hələ də qalmaqdadırlar.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.