Lexus şirkətinin alman superulduzları olan BMW M4, Mercedes-AMG C63 və Audi RS5 kupeləri ilə mübarizə aparmağa qadir olan modellərindən biri “bərkgedən” RC F kupesidir. 2014-cü ildə debüt etmiş “bərkgedən” kupe 2020-ci ildə RC F Track Edition versiyasına sahib olub. Yapon istehsalçısı “trek” kupesində RC F modelinin malik olduğu bir sıra çatışmamazlıqları aradan qaldırmağa müvəffəq olub.
2021-ci il üçün Lexus şirkəti RC F modelinin məhdud sayda buraxılacaq və yaponlar üçün müqəddəs sayılan Fuciyama dağının ətəyində yerləşəm Fuji Speedway avtodromunun şərəfinə xüsusi seriyanı təqdim etməyə hazırlaşır. Altmış nüsxəlik məhdud saylı tirajla buraxılacaq RC F Fuji Speedway Edition modeli RC F Track Edition kupesinin təkmilləşdirilmiş variantı kimi qəbul etmək lazımdır.
Lexus RC F Fuji Speedway Edition modelinin kapotunun altında 477 at qüvvəsi və 535 Nm fırlanma anı hasil edən 5,0-litrlik V8 atmosfer mühərriki yerləşir. Mühərrik səkkiz pilləli avtomatik ötürmələr qutusu ilə tandemdə çalışır. Lexus nümayəndələri RC F Fuji Speedway Edition modelinin 60 mil/saat (97 km/saat) həddinə 3.96 saniyəyə sürətləndiyini iddia edirlər. Bu, adi RC F modelinin müvafiq göstərəcəsindən 0,54 saniyə azdır.
Yapon mühəndisləri əsas diqqəti avtomobilin çəkisinin azaldılmasına yönəldiblər - Lexus şirkəti kupenin çəkisini açıqlamasa da, Brembo şirkətinin karbon-saxsı əyləc mexanizmləri, titandan hazırlanmış buraxılış sistemi və "aerodinamikada geniş istifadə edilən karbon" sayəsində çəkiyə əhəmiyyətli dərəcədə qənaət olunacağı gözlənilir.
Avtomobil yalnız iki rəngdə təklif ediləcəkdir: Arctic Blast Satin və ya Cloudburst Gray. Arctic Blast Satın rəngi "unikal ağ boya" texnologiyasından istifadə edilərək yaradılan yarıtutqun boyadır və ilk dəfədir ki, Lexus avtomobilinə vurulur. Tutqun satin görünüşünü yaradan rəngin, avtomatik avtoyumadan istifadə etmək üçün kifayət qədər davamlı olduğunu söylənilir.
“Bərkgedən” kupenin salon tərtibatında alkantara, qırmızı Circuit Red dərisi və eyni rəngli karbon dekordan istifadə edəcəkdir. Hər bir RC F Fuji Speedway modelinin sahibi, avtomobillə yanaşı, Meister Watches (MSTR) markasının avtomatik mexanizmki, metal bezeli, qırmızı tikişli kəməri, Fuji Speedway və F loqotipləri olan qol saatını alacaqdır.
2021-ci modelinin RC F modeli yeni avadanlıqlara da sahib olub. Kupe, Amazon Alexa yardımçısı ilə birlidə çalışan Android Auto tətbiqini əldə edəcəkdir. Multimedia sistemi Apple CarPlay tətbiqinə qoşulmanı da dəstəkləyəcəkdir.
Bundan başqa, RC F kupesinin standart təchizatına arxaya hərəkət zamanı köndələn axın barədə xəbərdarlıq edən funksiyaya malik olan kor zonalara nəzarət sistemi, qızdırılan elektroxrom yan güzgülər, ön oturacaqların yaddaş paketi daxildir.
Ən maraqlısı odur ki, sonuncu funksiya Fuji Speedway Edition modeli üçün təklif edilmir. Lexus “bərkgedən” kupenin qiymətini açıqlamayıb. Qiymətlər və kupe haqqında ətraflı məlumat satışların başlanmasna yaxın təqdim ediləcəkdir.