Lexus markası Yaponiyada RZ krossoverinin ön ötürməli versiyasının satışlarına başlayıb. Çeşidə əlavə edilmiş yeni versiya RZ 300e adlanır. Ön ötürməli krossover fərqli güc qurğusuna malikdir: yenilik arxa tərəfindəki elektrik mühərrikindən məhrum edilib, öndə isə, 204 at qüvvəli aqreqat quraşdırılıb. Dartma batareyası dəyişməyib (71,4 kilovat-saat), lakin sadələşdirilmiş konstruksiya sayəsində krossoverin yürüş ehtiyatı 21% artıb: 494-dən 599 kilometrə (WLTC) qədər.

Lexus RZ krossoveri bir il yarım əvvəl debüt edib və yalnız tam ötürməli RZ 450e modifikasiyasında (313 at qüvvəsi) satışa çıxarılıb. İndi isə, RZ modelinin çeşidi genişləndirilib. RZ modelinin şassisindəki təkmilləşdirmələr daha sadə təkər disklərinin (18-düymlük) quraşdırılması və asqının yenidən sazlanması ilə nəticələnib.

Görünən odur ki, Lexus şirkəti RZ modelinin qiymətini aşağı salmağa çalışmayıb, çünki hətta ön ötürməli krossover də yeganə zəngin təchizat səviyyəsində - Versiya L versiyasında mövcuddur. Bu səbəbdən də  qənaət gözlənildiyindən azdır: cəmi 600 min yen (4100 dollar). Lexus RZ 300e baza versiyasını 8,2 milyon yenə (56 min dollar) almaq olar, RZ 450e üçün isə 8,8 milyon yen (60 min dollar) ödəmək gərəkdir.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.