Lexus şirkətinin ABŞ nümayəndəliyi 2021-ci ilin LC kupesinin yeniləndiyini açıqlayıb. Kupe daha yüngül olub və yeni asqı elementlərini, ötürmələr qutusunun və multimedia sisteminin Android Auto platformasını dəstəkləyən yenilənmiş proqram təminatlarını əldə edib.
Yenilənmiş Lexus LC modelinin əvvəlkindən əsas fərqi reaksiya hissiyatının nəzərə çarpan dərəcədə artması olacaqdır. Buna, ressoraltı kütlələrin 10 kiloqram azalması sayəsində nail olunub: kupe, asqı sisteminin alüminiumdan hazırlanmış aşağı qolları, artırılmış diametri olan içi boş stabilizatorlar, yüksək möhkəmlikli yaylar və yüngülləşdirilmiş 21-düymlük arxa təkər diskləri ilə təchiz edilib.
Eyni zamanda, ön asqının gedişi artırılıb, amortizator və arxa stabilizatorların sərtliyi optimallaşdırılıb. Bu tədbirlər kupenin komfortunu artırmağa və sükanın reaksiyasını daha xətvari etməyə imkan verib.
Elektron sabitləşdirmə sisteminin Active Cornering Assist adlı funksiyası orta və yüksək sürətlərdə avtomobilin döngəni daha rahat keçməsinə kömək edir. Elektron köməkçi, əyləc sisteminin işinə müdaxilənin bir neçə səviyyəsinə malikdir: o, mərkəzə nisbətdə daxildə olan mexanizmləri "qısır", uzununa və eninə sürətlənmə dəyərlərindən asılı olaraq əyləc gücünü dəyişir.
Bundan əlavə, Lexus LC 500 modelinin 10-pilləli avtomatik ötürmələr qutusunun tayminqini və iş məntiqini də dəyişdiriblər. İndi, transmissiya aktiv adlandırılan zonada pilləni uzun müddət qoşulu saxlayaraq "sürətlənmə hissini artırır". Mühəndislər Lexus LC 500h hibridi də yaddan çıxarmayıblar: onun Multi-Stage Hybrid System sistemi döngədən çıxışda əvvəllər olduğu kimi üçüncü deyil, ikinci pilləyə keçir.
Digər dəyişikliklər arasında 10,3-düymlük ekrana sahib olan və Android Auto, Apple CarPlay tətbiqlərini və Amazon Alexa səs köməkçisini dəstəkləyən yenilənmiş mediasistem, iki yeni kuzov rəngi (narıncı Cadmium Orange və yaşıl Nori Green Pearl), Dark Graphite rəngli 20 düymlük təkər diskləri və salonun Flare Red dərisi ilə tərtibatı da vardır.
Lexus LC 500 modeli əvvəlki kimi 477 at qüvvəsi və 540 Nm fırlanma anı hasil edən 5,0-litrlik V8 atmosfer mühərriki ilə təchiz edilir. LC 500h hibridini tərkibinə 3,5-litrlik V6 mühərriki, iki elektrik mühərriki və güc batareyası daxil olan hibrid qurğu hərəkətə gətirir. Qurğunun ümumi hasilatı 359 aq qüvvəsi və 475 Nm fırlanma anı təşkil edir. İlk "yüzlüyə" LC 500h modeli 5,0 saniyəyə, LC 500 kupesi isə 4,7 saniyəyə sürətlənir.