Çin Xalq Respublikasının Bazar Tənzimlənməsi üzrə Dövlət Administrasiyasının Antiinhisar Bürosu Lexus şirkətinin Çin ofisini cərimələyib.
Çin tənzimləyicisi Yaponiyanın Toyota konsernini 87,6 milyon yuan və ya 12,5 milyon dollar cərimə edib. Çinin BTDA-nın rəsmiləri tərəfindən aparılmış araşdırmalar nəticəsində Lexus şirkətinin Çinin şərqindəki Tzyansu əyalətində fəaliyyət göstərən rəsmi dilerlər üçün yeni və istifadə olunmuş avtomobillərə görə minimum qiymət səviyyəsini, həmçinin firma aksesuarlarına sabit qiymətləri müəyyən etdiyini aşkarlayıblar. Antiinhisar bürosu Çin ofisinin qəbul etdiyi bu qərarın Lexus dilerlərinin əl-qolunu bağlamaqla yanaşı, həm də istehlakçıların hüquqlarını ciddi şəkildə pozduğunu hesab edir.
Toyota şirkətinin nümayəndəsi Reuters agentliyinə yapon avtomobil istehsalçısının Çin hakimiyyətinin qərarına hörmət etdiyini və cəriməyə qarşı çıxmayacağını bildirib. 2019-cu ildə Çində avtomobil satışlarının azalmasına baxmayaraq, Lexus markasının satışları artmağa davam edib: cari ilin ilk 11 ayı ərzində şirkət Çində 180 200 avtomobil satıb ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 21% çoxdur. Çin bazarı dünyada ən böyük bazarlarından biri olaraq qalır - 2018-ci ildə ölkədə 28 milyondan çox avtomobil satılıb.