Lexus şirkətinin mətbuat xidməri hibrid güc aqreqatı ilə təchiz edilmiş LC500 modelinin rəsmi fotoşəkillərini dərc etmişdir. Lexus LC500h adlanan yeni avtomobilin rəsmi təqdimat mərasimi, mart ayında fəaliyyətinə başlayacaq beynəlxalq Cenevrə avtomobil sərgisində baş tutacaqdır. Yapon şirkətinin mətbuat xidməti yeni modelin şəkillərini təqdim etsədə, avtomobilin texniki xüsusiyyətləri barədə məlumat verməmişdir. Ehtimal edilir ki, LC500h kupesi tərkibinə 308 at qüvvəli 3,5-litrlik V6 mühərriki və 217 at qüvvəsi gücü olan elektrik mühərrikinin daxil olduğu hibrid güc aqreqatı ilə hərəkətə gələcəkdir. Hibrid güc qurğusunun ümumi gücü 470 at qüvvəsi təşkil etməlidir.
Çox güman ki, eyni güc aqreqatı debütü 2017-ci ilə nəzərdə tutulmuş və yapon premium avtomobilləri istehsalçısının flaqmanı olan LS modelində də tətbiq ediləcəkdir.
Bu modelin prototipi olan LF-FC konseptinin də Cenevrədə nümayiş etdiriləcəyi Lexus şirkətinin mətbuat xidməti tərəfindən təsdiq edilmişdir.
Xatırladaq ki, Lexus LC500 kupesinin rəsmi təqdimat mərasimi keçən ay Detroytda keçirilən avtomobil sərgisində keçirilmişdir. Kupe 473 at qüvvəsi və 527 Nm fırlanma anı olan beş litlik səkkiz silindirli atmosfer mühərriki ilə təchiz edilir.