Lexus şirkəti LS 500h flaqmanının hibrid güc qurğusunu təkmilləşdirdiyi barədə məlumat verib. Təkmilləşdirilmiş qurğu sayəsində sedan artıq rəvan və daha inamlı şəkildə sürətlənir, habelə akselerator pedalı yarıya qədər basıldıqda pillələri aramla dəyişir.
Lexus mühəndisləri hibrid sedanın mühərrikinin, yüksək gərginlikli elektrik sisteminin və transmissiyasının işini optimallaşdırmaq üçün, dünya üzrə milyonlarla sürücünün “sürətlənmə ssenarisini” araşdırıblar.
Araşdırmalar nəticəsində məlum olub ki, LS sahibləri əksər hallarda akselerator pedalını yarıya qədər sıxaraq sürətlənməyə üstünlük verirlər. Buna görə də, mühəndislər əsas diqqəti məhz aşağı sürətlərdə Multi Stage Hybrid System hibrid güc qurğusunun dartma gücünün effektiv istifadəsi yollarının axtarılmasına yönəldiblər.
Artıq, Lexus LS modelinin elektrik mühərriki benzin aqreqatına daha aktiv şəkildə kömək edir - bunun üçün, litium-ion batareyasının iş diapazonunu genişləndirmək gərək olub. Beləliklə, yarıya qədər sıxılmış akselerator pedalı ilə 20 km/saat həddindən sürətlənmə zamanı, əlavə 170 Nm fırlanma anı əldə edilib.
Bundan əlavə, sıfırdan 100 km/saata qədər sürətlənmədə 3,5-litrlik V6 mühərrikinin dövrələri orta hesabla 500 dövr/dəqiqə azalıb. Ümumi hasilat isə eyni qalıb: 359 at qüvvəsi. Arxa ötürməli LS 500h modeli 100 km/saat həddinə sürətlənməyə 5,4 saniyə, tam ötürməli isə 5,5 saniyə sərf edir.
LC 500 modeli də diqqətdən kənar qalmayıb: 421 at qüvvəsi və 600 Nm fırlanma anı hasil edən biturbo mühərriklə tandemdə çalışan 10-pilləli Direct Shift “avtomat”ının tənizmləmələri dəyişdirilib.
Məqsəd, təkrar sürətlənmə zamanı aşağı pillələrin daha az seçilməsi olub. Bundan əlavə, alışdırma sistemi də yeni tənizmlənmələrə sahib olub. LS 500 və LS 500h modellərinin aktiv səs-küy boğulması sistemi də yenidən işlənib.