Bu gün Lexus markasının təklif etdiyi yeddinci nəsil ES sedanı həyat dövrünün tam ortasına yaxınlaşıb: ilk dəfə yeni modeli 2018-ci ildə Pekin avtosalonunda nümayiş etdiriblər. Bu günlərdə premium yapon markası sedanın yenilənmiş versiyasını təqdim edəcəyi bildirib. Yenilənmiş modelin təqdimatı iki il əvvəl olduğu kimi Çində, ancaq Pekində deyil, Şanxayda keçiriləcəkdir.
Dərc edilmiş tizerdən göründüyü kimi, sedan yüngül şəkildə yenilənmiş ön fənərlərə və gündüz hərəkət işıqlarının dəyişdirilmiş naxışına sahib olacaqdır. Qısa videoçarxda avtomobili arxa tərəfdən də görmək mümkündür – burada tanış işıq texnikasını, baqaj qapağındakı spoyleri və AWD loqotipini görmək olar.
Sedanın opsional avadanlıq siyahısına daxil edilmiş tam ötürmə sistemi arxa oxu qoşan muftaya malikdir və keçən il Şimali Amerika bazarında satılan ES modelində debüt edib. Tam ötürmə sistemi Toyota Camry və RAV4 modellərində tətbiq edilən sistemlə eyni sxemə malikdir.
Lexus ES modelinin salonunda və texniki hissəsində baş verəcək dəyişikliklər barədə nə isə söyləmək mümkün deyil. İstənilən halda, daha ətraflı təfərrüatları öyrənmək üçün 19 aprel tarixini gözləmək gərəkdir.