Toyota şirkətinin Avstraliya bölməsinin baş direktoru Con Pappas LBX Morizo RR modelinin tezliklə istehsala gedəcəyinə işarə edib. Birbaşa suala cavab olaraq, top menecer cəsarətli konseptin seriya modelinə çevriləcəyini təsdiqləməyib. Bununla belə, cənab Pappas krossoverin adi versiyasının təqdimatında LBX modelinin “bərkgedən” versiyasını yada salıb və açıq şəkildə belə variantın çox maraqlı olduğunu bildirib.
Lexus LBX Morizo RR konsepti yanvar ayında debüt edib və o zaman Toyota konserninin direktorlar şürasının sədri Akio Toyoda satışların bir il ərzində başlaya biləcəyini istisna etməyib. Bununla belə, konsept-karın gələcəyi ilə bağlı əlavə açıqlama verilməyib. Avstraliyalı top-menecerin açıqlaması isə, superkrossoverin sağ sükanlı versiyada məhdud saylı tirajla buraxılacağı ehtimalını gücləndirir.
Texnologiya baxımından “bərkgedən” Lexus LBX yenilənmiş Toyota GR Yaris modelini təkrarlayır: 1,6-litrlik üçsilindrli turbomühərrik (304 at qüvvəsi, 400 Nm) 8-pilləli avtomatik transmissiya və tam ötürmə sistemi. Orijinal versiyadan fərqlər əhəmiyyətli dərəcədədir, çünki adi krossover təvazökar 1,5-litrlik mühərriki olan ön ötürməli hibriddir.
Lexus LBX Morizo RR modelinin istehsala getməsi şansı yüksəkdir, çünki bu layihə Morizo ləqəbi ilə yarışan və “bərkgedən” krossoverdən şəxsi avtomobili kimi istifadə etdiyi deyilən Akio Toyodanın özünün ideyasıdır. Əvvəllər Lexus brendinin portfelində belə “bərkgedən” krossoverlər olmayıb.
@ Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.