Lexus yeni TZ elektrokrossoverinin Böyük Britaniya bazarı üçün qiymətlərini və təchizat səviyyələrini açıqlayıb. 2027-ci ilin yazında satışa çıxacaq model altı nəfərlik salonu, tamötürməli elektrik güc qurğusu və 531 kilometrədək (WLTP) yürüş ehtiyatı ilə təklif olunacaq. Birləşmiş Krallıqda krossoverin başlanğıc qiyməti 74 895 funt sterlinq təşkil edir.
Lexus TZ üç təchizat səviyyəsində satışa çıxacaq: Premium Plus, Takumi və Takumi Design. Premium Plus versiyası 95,8 kVt· saatlıq batareya və iki elektrik mühərriki ilə təchiz edilib. Mühərriklərin ümumi gücü 304 at gücüdür, avtomobil 0-dan 100 km/saata 6,6 saniyəyə sürətlənir. Bu versiyanın qiyməti 74 895 funt sterlinqdən başlayır.
Takumi versiyası artıq 402 at gücünə malikdir, sürətlənmə isə 5,2 saniyəyə qədər yaxşılaşır. Bununla belə, yürüş ehtiyatı 480 kilometrədək qədər azalır. Bu komplektasiyanın qiyməti 81 495 funt sterlinqdən başlayır və 22-düymlük təkər diskləri, idarələnən arxa təkərlər, süni zamşa ilə üzlənmiş salon, çoxrəngli atmosfer işıqlandırması və akustik şüşələrlə təchiz edilir.
Takumi Design ən yüksək təchizat səviyyəsidir. O, xüsusi dizaynlı 22-düymlük təkər diskləri, iki rəngli kuzov boyası, bambuk dekor elementləri və 21-dinamikli Mark Levinson audio sistemi ilə fərqlənir. Bu versiyanın qiyməti 83 095 funt sterlinqdir.
TZ-nin uzunluğu 5,1 metr, təkər bazası isə 3,05 metrdir. Model Toyota Highlander və Subaru Getaway ilə şassi və batareya texnologiyasını bölüşür. Böyük ölçülərinə baxmayaraq, Lexus Böyük Britaniya bazarı üçün salonda fərdi komfort yaradan 2+2+2 oturacaq düzülüşünü seçib.
İkinci sırada ayrı-ayrı “kapitan” oturacaqları və açılan ayaq dayaqları nəzərdə tutulub. Digər bazarlarda yeddi yerlik versiya da təklif ediləcək.
Salon “Driving Lounge” konsepsiyası əsasında hazırlanıb. Avadanlıq siyahısına multimedia sisteminin 14-düymlük ekranı, sürücünün qarşısındakı rəqəmsal cihazlar paneli, proyeksiya displeyi, rəqəmsal arxa görüntü güzgüsü, panoram dam, ön oturacaqların qızdırılması və havalandırılması, həmçinin park köməkçisi daxildir.
Lexus TZ-nin maksimal DC şarj gücü 150 kVt təşkil edir. İdeal şəraitdə batareyanı 10 faizdən 80 faizə qədər doldurmaq təxminən 35 dəqiqə çəkir. Modelin satışlarına 2027-ci ilin yazında başlanmalıdır.
© 2000–2026 Autograph.az. Bütün hüquqlar qorunur. Materialların köçürülməsi və ya hər hansı formada istifadəsi yalnız Autograph.az-a aktiv keçid göstərilməklə mümkündür.









