Lexus şirkəti 2021-ci ildə yeni başlanğıc modelini buraxacağını təsdiqləyib. Lexus CT hetçbekini əvəzləyəcək yeni model hibrid və ya elektromobil ola bilər.
Xatırladaq ki, 2011-ci ildə debüt etmiş Lexus CT hetçbeki yapon markasının model xəttində başlanğıc avtomobili olub. CT modelinin əvəzlənəcəyi barədə şayiələr gəzsə də, onun real əvəzləyicisinin 2021-ci ildən əvvəl peyda olmayacağı bildirilib. Bu barədə “Autocar” dərgisiniə Lexus şirkətinin Avropa bölməsinin başçısı Paskal Ruh bildirib.
Lexus CT
İlkin məlumata görə, yeni model TNGA modul platformasında inşa ediləcək və adi hetçbek olmayacaqdır. CT modelinin xələfinin krossover və hətta yığcam ofrouder olacağı da ehtimal edilir. “Autocar” bu avtomobilin ən azından hibrid güc qurğusuna malik olacağını ehtimal edib. Lakin, onun Lexus markasının ilk elektrokarı olacağı da istisna edilmir. Üstəlik, yeni avtomobil Lexus UX krossoverindən yığcam olacaqdır. Bunu markanın Britaniya ofisinin başçısı Evan Şepard təsdiq edib.