2021-ci ildə Lexus markasının model xəttinə 600 at qüvvəli LQ adlı flaqman modeli daxil olacaqdır. Yeni bayraqdar ofrouder təxminən 80-100 min dollara başa gələcəkdir. Car and Driver nəşrinin bildirdiyinə görə, yeni Lexus LQ modeli zahiri cəhətdən 2018-ci ilin LF-1 Limitless konseptinə bənzəyəcəkdir.
Nəşrin əldə etdiyi məlumata əsasən, yeni Lexus LQ modelinin əsasını, bir çox komponentlərini flaqmanı Lexus LS sedanından almış yeni platforma təşkil edəcəkdir. 80 min dollara krossoverin Lexus LS modelinin mühərrikləri ilə təchiz edilmiş standart versiyasını satacaqdırlar: bunlar 415 at qüvvəli 3,5-litrlik V6 turbomühərriki və 354 at qüvvəli hibrid güc qurğusudur.
100 min dollara isə, krossoverin 600 at qüvvəsli "bərkgedən" LQ F versiyasını təklif ediləcəkdir. Qiymətlər təxminidir, yeni flaqman haqqında daha ətraflı məlumat seriya modelinin debütü zamanı təqdim olunacaqdır.
Flaqman gələn il, 2022-ci ilin modeli kimi debüt edə bilər. Krossoverin seriya versiyasının 2018-ci ildə Nyu York avtosalonunda debüt etmiş Lexus LF-1 Limitless konseptinin üslubunda dizayna malik olacağı bildirilir. Çox güman ki, krossoverin ölçüləri də konseptlə eyni ola bilər:
LF-1 Limitless modelinin qabarit uzunluğu 5014 millimetr, eni - 1986 millimetr, hündürlüyü - 1605 millimetr, təkər bazasının uzunluğu isə 2974 millimetr təşkil edirdi.
Konseptin təqdimatı zamanı, şirkət, hansı güc qurğusunun onu hərəkətə gətirdiyini açıqlamayıb. Sonradan, Lexus nümayəndələri, LF-1 Limitless konseptinin hidrogen, hibrid, benzin və tam elektrik güc qurğusu ilə təchiz edilə biləcəyini söyləmişdilər.
Mənbə: Car and Driver