Lexus şirkəti HZ 300e, HZ 450e və HZ 550e adlarını patentləşdirmək qərarına gəlib. HZ ticarət nişanının qeydiyyatı üçün müraciət edildiyi haqqında məlumat LexusRXOwners forumunda peyda olub. Yeni adın orta ölçülü RZ krossoverindən daha kiçik olacaq yığcam krossover üçün nəzərdə tutulduğu ehtimal edilir. Sənəddən yeni modelin 300e, 450e və 550e indeksləri ilə ən azı üç modifikasiyaya malik olacaq görünür. İndeksdəki “e” hərfi elektrikləşdirilmiş güc qurğusuna işarə edir.
“Carscoops” nəşri patent müraciətinin Avropa və Avstraliyada verildiyini qeyd edir. Yapon markasının inkişaf strategiyasına əsasən, 2030-cu ildə Lexus şirkətinin istehsal etdiyi hər bir modelin elektrik versiyası olmalıdır. 2035-ci ildə isə, Lexus yalnız elektromobilləri istehsalına keçməlidir. Müvafiq olaraq, qeydiyyatdan keçmiş ad üç modifikasiyada təklif olunacaq elektromobil üçün nəzərdə tutulub.
Lexus modellərinin adlandırılması məntiqindən çıxış etsək, “kiçik” HZ 300e tək elektrik mühərriki olan monoötürməli, HZ 450e - iki mühərrikli tamötürməli, HZ 550e modeli isə, elektrik mühərrikləri 400 at qüvvəsinin üzərində güc hasil edən tamötürməli top versiya olmalıdır.
Lexus daha əvvəl adı başqa bir model üçün nəzərdə tutulmuş TZ əmtəə nişanını qeydiyyatdan keçirib. Çox güman ki, bu ad daha böyük krossover üçün ayrılıb. Patent idarəsinin məlumat bazasında dərc edilən sənədlərdən yeni modelin TZ 450e və TZ 550e modifikasiyalarında buraxılacağı məlum olur.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.