Yapon brendi “üçüncü” GX modelinin yaxınlaşan təqdimatına işarə edən tizer kampaniyasına başlayıb. İyunun 9-da köhnəlmiş sələfini əvəz edəcək model sıfırdan yaradılmış brutal dizayna, texniki hissə və texnologiyalar baxımından əhəmiyyətli təkmilləşdirmələrə sahib olacaqdır. Lexus təfərrüatları açıqlamır, lakin tizerlər qarşıdan gələn dəyişikliklərin miqyası, eləcə də hazırkı versiyanın həyat dövrü haqqında danışır - “ikinci” GX ofrouderi 2009-cu ildən bəri istehsal edilir.
Birinci şəkildə yeni Lexus GX modelinin firma “bumeranqını” itirmiş sadə formalı fənəri olan ön tərəfinin bir hissəsi göstərilir. Fənərin solunda radiator barmaqlığı yerləşir və ola bilsin ki, o yuxarı hissəsi kəsilmiş qum saatı formasındadır. Lakin göründüyü kimi, barmaqlıq tamamilə qara rəngdədir və xrom çərçivədən məhrum edilib. Kapot dərin bir girinti alıb, təkər tağı daha geniş və düzbucaqlı olub.
İkinci tizerdə GX modelinin baqaj qapısının eni boyunca uzanan və üzərinə yağış damcıları səpələnmiş LED zolağın bir hissəsi göstərilir. Onun üstündə Lexus yazısı olan qara örtük qoyulub - o indiki emblemin yerini alacaq. Hələlik yeni ofrouderin texniki “içalatı” barədə təfərrüatlar yoxdur, lakin onun Lexus LX və Toyota Land Cruiser 300 modellərinin əsasını təşkil edən TNGA-F arxitekturasının daha qısa versiyasına əsaslanacağı gözlənilir.
Yeni Lexus GX modelinin mühərrik çeşidində bir neçə hibrid güc qurğusu olacaqdır ki, onlardan biri də yeni Land Cruiser Prado modelinə qismət ola bilər. Bundan başqa, GX modeli Lexus markasının rahatlıq və təhlükəsizlik sahəsində ən son texnologiya və işləmələrini ala bilər.
@ Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.