Bu, demək olar ki, son iyirmi ildə Lexus brendinin ən çox gözlənilən yeniliyidir. Əlbəttə ki, söhbət real alıcıların arzularından gedirsə. Toyota marketoloqlarının indiyə qədər bu arzuları nəzərə almaması təəccüb də doğurur, çünki Lexus markası üçün əsas bazar sayılan ABŞ-da üç oturacaq sırasına malik olan böyük və bahalı krossoverlər çox populyardır.
Rəqiblərin satış nəticələrinə nəzər salmaq kifayətdir: Acura MDX burada ildə 50-60 min alıcı tapır, Infiniti QX60 son vaxtlara qədər ildə 40-47 min, Cadillac XT6 və Lincoln Aviator isə ildə 20-22 min nüsxədə sayıtılır.
Əslində Lexus artıq bu seqmentə daxil olmağa çalışıb, lakin bunun üçün palliativ həll yolunu seçib. 2017-ci ilin sonunda üçüncü oturacaq sırasına malik olan uzunbazalı Lexus RX L debüt edib, lakin avtomobil dar və ümumiyyətlə kompromislərdən ibarət olduğu üçün alıcıların rəğbətini qazana bilməyib. Yalnız indi yaponlar TX indeksli ayrıca modeli hazırlayıblar. Bu krossover xüsusi olaraq Amerika üçün nəzərdə tutulub və digər bazarlarda görünməsi ehtimalı azdır.
Lexus TX bu ilin əvvəlində debüt edən Toyota Grand Highlander krossoverinin ən yaxın qohumudur. Hər iki krossover köndələn mühərriki və 2950 millimetrlik təkər bazası olan GA-K modul platformasına əsaslanır, üstəlik, onların kuzov çərçivəsi də unifikasiya olunub. Lexus krossoverinin uzunluğu 5160 millimetr, eni - 1990 millimetr, hündürlüyü isə 1780 millimetrdir.
TX modeli LM miniveni və LBX krossoverindən sonra yeni üz ifadəsinə malik olan üçüncü Lexus modelidir: “cəhrə” formalı firma radiator barmaqlığından yalnız aşağı trapesiya qalıb, onun üstündə isə fənərləri birləşdirən bənd var.
Krossover Standart, Premium, Luxury və F Sport Performance təchizat səviyyələrində təklif olunur, sonuncu bir qədər daha aqressiv kuzov dəstinə malikdir. Təkər disklərinin diametri 20 və ya 22 düym ola bilər.
TX krossoverinin əsas ideyası yetkinlik yaşına çatmış sərnişinləri qəbul edə bilən tamölçülü üçüncü oturacaq sırasına malik olmasıdan ibarətdir. İkinci cərgədə üçyerli divan və ya iki fərdi "kapitan" kreslosu (qızdırılın və havalandırılan) ola bilər.
Eyni zamanda, hətta üçüncü cərgənin arxasında kifayət qədər tutumu olan baqaj bölməsi var: onun həcmi Amerika SAE üsuluna görə (döşəmədən tavana qədər) 569 litrdir. Üçüncü sıra qatlandıqda bu həcm 1625 litrə, ikinci sıra da qatlandıqda isə, 2747 litrə çatır.
Bütün qapılarda elektrik qıfılları var, onları sadəcə tutacağa basmaqla salondan açmaq olar. Salonda qadcetləri doldurmaq üçün yeddi USB birləşdiricisi və üç məişət rozetkası var. Ön paneldə virtual cihazlar (12,3 düymlük) və media sisteminin 14 düymlük planşeti var, lakin klimat-kontrolun fırlanan düymələri saxlanılıb.
TX modelinin standart təchizatına Lexus Safety System + 3.0 elektron köməkçiləri kompleksi və üçzonalı klimat-kontrol daxildir. Opsiyalar siyahısına panoram dam, proyeksiya displeyi, dairəvi müşahidə kameraları və 21 dinamikli Mark Levinson səs sistemi daxil edilib.
Lexus TX modelinin mühərrik çeşidinə üç güc aqreqatı daxildir. Onlardan ikisi qohum Toyota Grand Highlander ilə eynidir. Baza Lexus TX 350 versiyası 2,4-litrlik (279 at qüvvəsi, 430 Nm) dördsilindrli turbomühərrik və səkkiz pilləli “avtomat” ilə təchiz olunur, ötürmə - ön və ya tam (arxa oxda qoşma muftası ilə) ola bilər.
Digər iki versiya hibriddir və onlar standart olaraq F Sport Performance drayver paketinə, Direct4 tam ötürməsinə (arxa təkərlər ayrıca elektrik mühərriki ilə fırlanır) və tam idarə olunan şassiyə malikdirlər.
Başlanğıc səviyyəli Lexus TX 500h hibrid kiçik dartma batareyasına malikdir və onu rozetkaya qoşmaq olmur. Kapotun altında 2,4-litrlik “turbodördlük”, 6-pilləli “avtomat” və elektrik mühərriki var. Hibrid sistemin ümumi hasilatı 371 at qüvvəsi və 555 Nm təşkil edir.
Nəhayət, top Lexus TX 550h+ versiyasında böyük batareya (onu rozetkadan doldurmaq olar), 3,5-litrlik V6 atmosfer mühərriki və digər Lexus hibridlərindən artıq tanış olan elektromexaniki variator var. Hələlik bu sistemin gücü (412 at qüvvəsi) qeyd edilsə də, fırlanma anı ictimaiyyətə açıqlanmayıb. Amma belə krossoverin sırf elektrik rejimində 53 kilometr məsafə qət edəcəyi bildirilib.
Lexus TX Amerikada, Highlander, Grand Highlander və Sienna modellərinin istehsal olunduğu İndianadakı Toyota zavodunda yığılacaqdır. Satışların başlanması payıza planlaşdırılıb, lakin bazara ilkin olaraq yalnız TX 350 və TX 500h versiyaları çıxacaqdır. TX 550h + plagin hibridi isə daha sonra peyda olacaqdır.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.