Son vaxtlar yayılan söz-söhbətlər doğru çıxıb - Lexus həqiqətən də model xəttini yeni krossoverlə genişləndirməyi planlaşdırır. Avtomobil, yapon brendi üçün yeni olan TX adını alacaq, ölçülərinə və təchizatına görə Lexus brendinin flaqmanlarından birinə çevriləcəkdir. Yeni modelin 2023-cü ilin aprelində debüt edən və bu yay bazara çıxacaq tamölçülü Toyota Grand Highlander krossoverinin daha dəbdəbəli və zəngin versiyasının olacağı gözlənilir.
Yapon avtomobil istehsalçısı hələlik Tx modelinin yeganə tizerini dərc edib, odur ki, yeni Lexus krossoveri haqqında rəsmi məlumat yoxdur. Şəkildə göstərilən avtomobilin arxa hissəsinin cizgilərinin Toyota Grand Highlander modeli ilə bənzərlik daşıması diqqəti çəkir.
Lexus markası yeniliyin texniki xarakteristikaları və hətta onun təqdimat tarixi ilə bağlı heç bir məlumatı dərc etməyib. Daha əvvəl peyda olmuş insayder məlumatlarına görə, Lexus TX krossoverinin modifikasiya çeşidinə benzin mühərrilkli TX 350 versiyası, TX 500h hibridi və TX 550h+ plagin hibridi daxil edilməlidir.
Yenilik yapon markasının model xəttində 2017-ci ildən istehsal olunan və yeni nəsildə varisi olmayacaq uzanbazalı Lexus RX L modelini əvəzləməlidir. Lexus TX modelinin texniki cəhətdən Toyota Grand Highlander krossoverini təkrarlayacağı, lakin onun özünəməxsus kuzova, habelə daha dəbdəbəli tərtibatı və zəngin avadanlığı ilə seçilən salona sahib olacağı gözlənilir.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.