Hal-hazırda istehsal olunan Lexus IS sedanı 2020-ci ildə debüt edib, baxmayaraq ki, onu tamamilə yeni model adlandırmaq olmaz. O, 2013-cü ildə debüt etmiş sedanın dərin modernləşdirilməsinin nəticəsidir. Şirkətin tezliklə bu sedandan imtina edəcəyi barədə şayiələr çoxdan dolaşmaqdadır və artıq onun V8 mühərrikli top versiyası da rəsmi olaraq istehsaldan çıxarılıb. Bununla belə, Lexus IS yenidən restaylinqə məruz qalıb: yenilənmiş versiya Yaponiya və Amerikada təqdim olunub.

Restaylinq kiçik dəyişikliklərlə həyata keçirilib, hətta faralar belə eyni formanı qoruyub saxlayıblar. Dəyişiklik onların yeni LED içalatı ilə məhdudlaşıb. Kapot da dəyişməyib, lakin genişləndirilmiş radiator barmaqlığı və firma emblemi yerləşən böyük plankası olan ön bamper tamamilə yenidir. Baqaj qapağında böyüdülmüş spoyler peyda olub. Yeni dayaq hesabına sedanın uzunluğu 10 millimetr artaraq 4720 millimetrə çatıb.

Kuzov rənglərinin palitrası yeni boz Neutrino da daxil olmaqla, səkkiz variantdan ibarətdir. Yeni 19 düymlük təkər diskləri də nümayiş etdirilib. Nəhayət, əlavə ödəniş qarşılığında əyləc mexanizmlərini heyranedici qırmızı rəngə boyamaq təklif olunur. Elan edilmiş bütün dəyişikliklərin F Sport versiyası üçün aktual olduğunu qeyd etmək gərəkdir, adi versiyalar haqqında isə, hələlik heç bir məlumat verilməyib.

İnteryerdəki dəyişikliklər daha genişdir: ön panel tamamilə yenidir. Analoq saatı və CD pleyerin yuvası yoxa çıxıb, mərkəzi konsoldakı sensor panelin əvəzinə isə, iqlimə nəzarət sisteminin analoq düymələri var. Əlavə USB portları və simsiz şarj paneli peyda olub. Düzgün formada olan yeni sükan çarxı daha çox fiziki düymələri əldə edib, cihazlar panelinin 12,3 düymlük displeyi isə, standart avadanlığa daxildir. Analoq cihazlar keçmişdə qalıb, lakin inkişaf etmiş kontur işıqlandırması peyda olub.

Media sistemi genişformatlı 12,3 düymlük displeyə (əvvəllər bu, 8,0 və ya 10,3 düym idi) malikdir, mərkəzi tuneldəki sensorlu panel tarixin arxivinə göndərilib. Dekorativ örtüklər təbii bambuk liflərinin əlavə edildiyi yeni Forged Bamboo materialından hazırlanır. Artıq yeni qırmızı Prominence tərtibat sxemi də əlçatandır, əlbəttə ki, əlavə ödəniş qarşılığında... Firma Lexus Safety System+ kompleksi 3.0 versiyasına qədər yenilənib və yeni elektron köməkçilərlə tamamlanıb.

Yenilənmiş Lexus IS sedanı iki modifikasiyada təklif olunur - hibrid IS 300h və benzin IS 350. Sonuncu modifikasiya yalnız Amerika bazarında satılacaq. Heç bir texniki dəyişiklik elan edilməyib. Hibrid sedan elektrik mühərriki (143 at gücü) və brend üçün ənənəvi elektromexaniki variatorla tandemdə işləyən 2,5-litrlik (178 at gücü) atmosfer mühərriki ilə təchiz edilir. Ötürmə - yalnız arxa oxdadır. Lexus IS 350 versiyası 3,5-litrlik V6 mühərrikə (315 at gücünə) malikdir. Arxa ötürməli versiya səkkiz pilləli “avtomat” ilə təchiz edilir, tam ötürməni sifariş etdikdə altı pilləli transmissiya quraşdırılır.

İdarəetməni yaxşılaşdırmaq üçün yenilənmiş Lexus IS sedanının kuzovu gücləndirilib. Dəyişən ötürmə nisbətlərinə və elektrik gücləndiricisi olan yeni sükan mexanizmi quraşdırılıb. Adaptiv amortizatorlar Adaptiv amortizatorlar xətti xarakteristikaları olan yeni solenoidləri alıblar ki, onlar da təkcə idarəetməni deyil, həm də gediş rahatlığını yaxşılaşdırmaq üçün nəzərdə tutulublar.
Yenilənmiş avtomobillərin Yaponiya və ABŞ bazarındakı satışlarına 2026-cı ilin əvvəlində başlanmalıdır. Yeri gəlmişkən, 25 il ərzində dünyanın 40 ölkəsində bütün nəsillərdən olan 1,3 milyon Lexus IS avtomobili satılıb.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.