Lincoln şirkəti Şanxay avtosalonunda yeni Zephyr Reflection premium sedanının seriyaöncəsi versiyasını təqdim edib. Baxmayaraq ki, amerikan markası öz vətənində sedanların istehsalına son verib, lakin Çin bazarıında təklif edilən model cərgəsində belə avtomobilin olması çox vacibdir. Beləliklə, çinli müştərilərə ünvanlanmış sedan aqressiv dizayna və multimedia sisteminin üç ekranına sahib olacaqdır.
Yeni Zephyr Reflection modelində amerikalı mühəndislər markanın əksər avtomobilinə xas olan klassik formalardan uzaqlaşıblar. Dəbdədbəli sedan kəskin kuzov xətlərini, inkişaf etmiş hava girişləri olan iri radiator barmaqlığını, habelə nazik formalı LED optikasını, uzun kapotu və "gizlənən" qapı tutacaqlarını əldə edib. Bundan əlavə, yeni sedan bötüv arxa fənərləri və ikirəngli təkər diskləri ilə seçilir.
Lincoln Zephyr Reflection sedanının interyerinin əsas xüsusiyyəti, ön panel boyu uzanan nəhəng multimedia ekranıdır. Mütərəqqi displey rəqəmsal cihazlar panelini, məlumat-əyləncə kompleksinin sensorlu ekranını və sərnişinlə üzbəüz yerləşən sensorlu ekranı özündə birləşdirir. Lincoln Constellation adlandırılan unikal media sistemi üç tərtibat variantına malikdir - Normal, Sport və Zen.
Lincoln şirkətinin nümayəndələri sedanın texniki detallarını və qiymətini açıqlamayıblar. Bununla birlikdə, mütəxəssislər Zephyr Reflection modelinin seriya versiyasının 2021-ci ilin sonuna qədər debüt edəcəyini və yalnız Çin bazarında satışa çıxarılacağını bildiriblər.