Lincoln Nautilius modeli 2014-cü ildə Lincoln MKX adı ilə debüt edib. Üç il keçdikdən sonra amerikan markası krossoverin dizaynını dəyişdirərək, MKX adını Nautilus ilə əvəzləyib. Bununla birlikdə, krossoverin əsas çatışmazlığı aradan götürülməyib - krossoverin interyeri premium seqmentin standartlarına görə olduqca sadədir. İndi şirkət bu qüsuru aradan qaldırıb.
Ön panel və mərkəzi konsol tamamilə yenidir: interyer indi yeni Lincoln Corsair və Aviator modelləri ilə eyni tərzdə tərtib edilib. İnteryerdə üfüqi xəttlərin bolluğu, "üzən" mərkəzi konsol, virtual cihazlar paneli və eyni zamanda, bütün mövcud olan Lincoln modelləri arasında multimedia sisteminin ən iri 13,2-düymlük ekranı quraşdırılıb. Transmissiyanın rejimlərinin dəyişdirilməsinə, havalandırma sisteminin mərkəzi deflektorlarının altında yerləşən düymələr cavabdehdir.
Sync 4 multimedia sistemi genişləndirilmiş onlayn imkanlarına, səslə idarəetməyə və “hava” üzərindən yeniləmə funksiyasına malik olub. Üstəlik, avtomobil sahibinin NFC texnologiyası və xüsusi tətbiqi olan smartfonu açar kimi çıxış edə bilər. Əlavə olaraq, bahalı dəri ilə zəngin daxili tərtibata malik olan Chalet və Flight paketləri təklif edilir. Co-Pilot 360 sürücü köməkçiləri kompleksi standart təchizata daxildir.
Yeni interyeri olan Nautilus modelini xaricdən də tanımaq olar: krossover kiçildilmiş qara işləməsi olan yeni bamperə, fərqli dizaynı olan təkər disklərinə və genişlənmiş kuzov rəngləri çeşidinə sahib olub. Güc qurğuları dəyişməyib - 253 at qüvvəli 2,0-litrlik EcoBoost “turbodördlüyü” və 340 at qüvvəli 2,7-litrlik EcoBoost V6 biturbomühərriki. Hər iki mühərrik səkkiz pilləli "avtomat" ilə tandemdə çalışır. Dördsilindrli Nautilus ön və ya tam ötürməli ola bilər, altısilindrli modifikasiya isə yalnız tam ötürməlidir.
Yenilənmiş Lincoln Nautilus modeli Amerika bazarında yaxın zamanlarda satış debütü etməlidir. Hazırda yenilənmədən öncəki modellərin qiyməti 41.000 dollardan başlayır. Bundan başqa, Linciln Nautilius amerikan markasının Çində istehsal edilən üçüncü modeli olacaqdır.