Lister Motors şirkəti öz tarixində olan ən güclü açıq avtomobilini buraxacağı barədə bəyanatla çıxış edib. LFT-C adlandırılmış superkarı Jaguar F-Type R modelinin bazasında inşa ediblər. Superkar 10 nüsxəlik məhdud saylı tirajla buraxılacaqdır.
Lister LFT-C modelinin hər bir nüsxəsi mühərrik qapağının üzərində bərkidilən və avtomobilin seriyadakı sıra nömrəsini göstərən gümüşü lövhəciklə təchiz ediləcəkdir. Məhdud seriyadan olan «01» nömrəli avtomobil 3 iyul tarixində şirkətin Lankaşirdəki mənzil-qərargahında debüt edib.
Rodster 675 at qüvvəsi hasil edən 5,0-litrlik V8 mühərriki ilə təchiz edilir. Jaguar F-Type SVR modelində quraşdırılan bu mühərrikinin standart versiyası 575 at qüvvəsinə malikdir. Lister LFT-C modelinə 100 km/saat həddini toplamaq üçün «üç saniyədən biz az artıq» müddət tələb olunur. Xatırladaq ki, Jaguar F-Type SVR bu işə 3,7 saniyə, F-Type R isə 4,1 saniyə sərf edir.
Lister rodsteri donorundan karbonplastikdən hazırlanmış kuzov panelləri, başqa bamper, həmçinin splitterin, arxa diffuzorun, spoylerin mövcudluğu və radiator barmaqlığının tərtibatı ilə fərqlənir. Bundan başqa, LFT-C təkmilləşdirilmiş asqıya, yeni buraxılış sisteminə və daha güclü əyləc mexanizmlərinə sahib olub. Lister LFT-C modelinin satış qiyməti 139 min funt sterlinq təşkil edir. Rodsteri bu gündən başlayaraq sifariş etmək olar.