Bildiyimiz kimi, Mercedes-Benz E-Class modelinin yeni nəsli bir müddət bundan əvvəl təqdim edilmişdir. Yeni avtomobilin təchizatına daxil olan mütərəqqi texnologiyalar sayəsdində E-Class alman istehsalçısının ən qabacıl modellərindən hesab edilir.
Lakin, bunlar Lorinser atelyesinin mütəxəssislərini dayandırmağa qadir olmamışdır - onlar yeni E-Class modeli üçün tüninq proqramını hazırlamışdırlar. Alman atelyesinin mütəxəssisləri Mercedes-Benz E-Class üçün konservativ yeniliklər dəstini təqdim etmişdirlər. Avtomobil karbondan hazırlanmış kiçik ölçülü spoyler və yan kandarlardan ibarət olan aerodinamik elementləri əldə etmişdir. Eyni zamanda avtomobilin bamperləri də dəyişdirilmişdir. Bundan başqa, Mecedes-Benz E-Class sedanının təchizatına Lorinser atelyesinin məhsulu olan, öndə 255/30 ZR21, arxada 395/24ZR21 şinləri ilə təchiz edilmiş RS11 adlı döymə disklər daxil edilmişdir. Bundan əlavə, müştəri alçaldılmış asma sistemini və interyerin tərtibatı üçün eksklyuziv elementləri sifariş edə bilər.
Yeni proqram Mercedes-Benz E-Class modelinin bütün modifikasiyaları üçün nəzərdə tutulmuşdur. Rəsmi məlumatlara görə, Lorinser mütəxəssisləri Mercedes-Benz E350d və «qaynar» Mercedes-AMG E43 modellərinin mühərriklərinin gücünü artırmağı təklif edirlər.
Birinci halda 3,0-litrlik turbodizelin gücü 296 at qüvvəsinə, fırlanma anı isə 695 Nm-ə qədər yüksəldilir. Bərkgedən E43 modelinin mühərrikinin gücü 435 at qüvvəsinə, fırlanma anı isə 600 Nm təşkil edir. Xatırladaq ki, adi halda bu mühərrik 401 at qüvvəsinə malikdir.