Los Ancelesdə keçirilən avtosalonda Lexus LC 500 modelinin kabriolet kuzovlu versiyası debüt edib. Yeni kabrioleti qara və ya qaymağı rəngli yumşaq tavala sifariş etmək olar. Kabriolet üçün təklif edilən əsas rənglər on çalardan ibarətdir. Texniki hissədə baş vermiş dəyişikliklər gediş rəvanlığının, kuzov sərtliyinin artmasına, həmçinin salonun havalandırılması sisteminin təkmilləşdirilməsinə xidmət edib.
Lexus şirkəti bildirdiyinə görə, kabrioletin yumşaq tavanını 50 km/saat həddinə kimi sürətlərdə açıb-bağlamaq mümkündür. Bu proses 15-16 saniyə vaxt tələb edir. Yumşaq tavanın strukturu dörqatlıdır ki, belə həll yolu kabrioletin damını kupeyə bənzər xəttlə təmin etməyə yardım göstərib. İki Lexus LC modelləri arasındakı fərq baqaj qapağının başqa tərtibatı və rəng seçimi ilə məhdudlaşır.
Lexus LC 500 Convertible modeli salonun qızdırılmasının və soyudulmasının təkmilləşdirilmiş sisteminə sahib olub. Açıq tavanla hərəkətin rahatlığını təmin etmək üçün, havalandırma sistemi kuzovun yuxarı hissəsinin qızdırılmasına köklənib. Əsas diqqət sərnişinlərin boyun zonasının və sükan çarxının isidilməsinə yönəldilib. Bundan başqa, kabriolet yüksək sürətlərdə küləyin səsini azaldan müdafiə ekranı ilə də təchiz edilir.
Kabrioletin interyerinin əsas cəhətləri yüngüllehimli qarışıqdan hazırlanmış pedallar, ətraf işıqlandırması və 10,3-düymlük ekranı olan multimedia sistemidir. Modelin baza təchizatına zolağa nəzarət yardımçısı, adaptiv kruiz-kontrol, ağıllı uzaq işıqlar və arxaya hərəkət zamanı kor zonalara nəzarət funksiyası kimi sistemlərin olduğu aktiv təhlükəsizlik sistemləri kompleksi daxil edilib.
LC 500 Convertible modeli 477 at qüvvəsi və 500 Nm fırlanma anı hasil edən 5,0-litrlik V8 mühərriki ilə təchiz edilir. Güc aqreqatı fırlanma anını arxa oxa ötürən 10-diapazonlu avtomatik ötürmələr qutusu ilə tandemdə çalışır. Kabriolet kupeyə nisbətən 80 kq ağırdır. Təəssüflər olsun ki, kabrioletin dinamik xarakteristikaları açıqlanmayıb. Sirr olan təkcə dinamik xarakteristikalar deyil, həmçinin kabrioletin qiymətidir.
Lexus LC 500 Convertibel modelinin satışlarına gələn ilin yayında başlanacaqdır. İlkin olaraq, satışa məhdud saylı Inspiration Series seriyasından olan kabrioletlər çıxacaqdır. Bu seriyadan olan model mavi rəngə, ikirəngli 21-düymlük disklərə və salondakı xüsusi haşiyələrə malik olacaqdır. Xüsusi seriyadan olan kabrioletlərin tirajı 100 nüsxədən ibarət olacaqdır. Birinci kabriolet 11-19 yanvar tarixləri arasında keçiriləcək Barrett-Jackson hərracında satılacaqdır.