Acura şirkəti Los-Anjeles avtosalonunda avtomobil interyerinin gələcəyini əks etdiyən konsepsiyanı nümayiş etdirmişdir. Acira NSX superkarının salonunun bazasında yaradılmış prototip Acura Precision Cockpit adlandırılmışdır.
Acura tərəfindən təklif edilən konsepsiya avtomobilin salonunda iki displeyin quraşdırılmasını nəzərdə tutur.
Birinci 12,3-düymlük displey ənənəvi cihazlar panelini əvəz edir. İkinci ölçüsü naməlum olan displey isə mərkəzi konsolun yuxarı hissəsində quraşdırılır və multimedia sisteminin funksiyalarının idarə edilməsinə cavabdehdir. Eyni zamanda Acura mütəxəssisləri, avtnom idarəetmənin aktiv edildiyi zamanı yoldakı vəziyyətin görüntülərini rəqəmsal cihazlar panelinə ötürməyi təklif edirlər.
Misal üçün, quraşdırılmış vericilərin köməyi ilə formalaşan ətraf mühitin 3D-modeli bu displeydə göstərilə bilər. Bu zaman ekranda ətrafdakı obyektlər, insanlar və onların hərəkət istiqaməti nümayiş etdiriləcəkdir.
Multimedia sistemini idarə etmək üçün Acura Precision Cockpit konsepsiyası, ön oturacaqların arasında yerləşdirilmiş taçpaddan istifadəni nəzərdə tutur. Bu qurğu elə hazırlanmışdır ki, sürücü onun müəyyən hissəsinə toxunaraq bu və ya digər funksiyaları seçə bilər. Misal üçün, ən çox işlənən funksiyaları taçpadın aşağı hissəsinə toxunmaqla seçmək olar. Bundan başqa, yapon istehsalçısı Acura Precision Cockpit ilə birlikdə multimedia sistemləri üçün nəzərdə tutulmuş və Android sisteminə əsaslanan əməliyyat sistemini də nümayiş etdirmişdir. Bu konsepsiyanın seriya avtomobillərində nə zaman tətbiq ediləcəyi məlum deyildir.