Bu gün işinə başlamış Los-Anjeles avtosalonunda Alfa Romeo şirkəti italyan markasının ilk krossoveri olan Stelvio modelini təqdim etmişdir. Yeni krossover, Alfa Romeo Giulia modelinin də istehsalında istifadə edilən Giorgio platformasında hazırlanmışdır.
Alfa Romeo Stelvio modelinin eksteryerinin və interyerinin dizaynı, gözlənildiyi kimi, Giulia modelinin dizayn üslubunda hazırlanmışdır. Yeni krossover Mercedes-Benz GLC, Audi Q5 və BMW X3 modelləri ilə rəqabət aparacaqdır. Krossoverin ən güclü variantı olan Quadrifoglio modifkasiyası kapotda olan çoxsaylı hava girişləri, genişləndirilmiş təkər tağları, arxa diffuzor, buraxılış sisteminin kvadrat formalı boruları və damda quraşdırılmış spoyler ilə seçilir. Alfa Romeo Setlvio Quadrifoglio modifikasiyası 505 at qüvvəsi gücü olan 2,9-litrlik iki turbokompressorlu V6 mühərriki ilə hərəkətə gəlir. Ən “bərkgedən” Alfa Romeo Stelvio Quadrifoglio krossoveri 60 mil/saat (96 km/saat) sürətini 3,9 saniyəyə toplayır və 177 mil/saat (284 km/saat) maksimal sürətə malikdir. Güc aqreqatı ötürmələri 100 millisaniyəyə həyata keçirən səkkiz pilləli aavtomatik sürətlər qutusu ilə birgə çalışır.
Bundan başqa, Stelvio yüksək sürtünməli arxa differensialı və fırlanma anını təkərlər arasında bölüşdürən Torque Vectoring sistemi olan tam çəkiş sistemi ilə təchiz ediləcəkdir.
Eyni zamanda, Alfa Romeo Stelvio Quadrifoglio modeli stabilləşdirmə sisteminin və sükan elektrik gücləndiricisinin dörd (Dynamic, Natural, Advanced Efficient və Racing) alqoritmini tənzimləyən DNA sistemini əldə etmişdir. Top-variantla yanaşı, yeni krossover 280 at qüvvəsi və 400 Nm fırlanma anına malik olan 2,0-litrlik dörd silindrli turbomühərriklə (Alfa Romeo Stelvio Ti) də təklif ediləcəkdir. Səkkiz pilləli “avtomat” və tam çəkiş sistemi ilə birgə çalışan mühərrik krossoveri 231 km/saata qədər sürətləndirmək imkanına malikdir. Yeni krossoverin təchizatına 6,5 düymülkü sensorlu ekranı olan multimedia sistemi, 14 dinamikli Harman Kardon səs sistemi, və bir sıra aktiv və passiv təhlükəsizlik sistemləri daxildir. Opsional olaraq 8,8 düymlük ekranı olan multimedia sistemini də sifariş etmək mümkündür. Alfa Romeo Stelvio modeli gələn ilin ortalarında satışa çıxarılacaqdır.