Lamborghini şirkəti Huracan Spyder modelinin arxadan çəkişli variantını Los-Anjeles avtosalonunda rəsmi olaraq təqdim etmişdir. Sporkar 580 at qüvvəsi və 540 Nm fırlanma anı olan 5,2-litrlik V10 benzin mühərriki ilə təchiz edilmişdir.
Güc aqreqatı iki muftalı robotlaşdırılmış Lamborghini Doppia Frizione sürətlər qutusu ilə birgə çalışır. Bu tandem 1509 kiloqramlıq sportkarı 0-dan 100 km/saat həddinə 3,6 saniyəyə sürətləndirir. Spayderin maksimal sürəti 319 km/saata bərabərdir. Arxadan çəkişli sportkar tam çəkişli variantdan fərqli olan dizayna, təkmilləşdirilmiş elektronikaya, yenidən tənzimlənmiş sükan mexanizminə, maqnitreoloji mayeli amortizatorlara, rəqəmsal cihazlar panelinə və xüsusi olaraq bu model üçün hazırlanmış Pirelli PZero şinlərinə malikdir. Huracan Spyder modelinin yumşaq tavanı avtomatik olaraq 17 saniyəyə qatlanır. Bu əməliyyatı 50 km/saat həddinə qədər sürətlərdə yerinə yetirmək olar.Arxadan çəkişli Lamborghini Huracan Spyder modelinin satışlarına gələn ilin yanvarında start veriləcəkdir. Spyder monoötürməli Huracan modelindən baha olsa da, tam çəkişli kupedən ucuz olacaqdır. Tam çəkişli Huracan Spyder modeli keçən ilin sentyabrında təqdim edilmişdir. O, 610 at qüvvəsi olan 5,2-litrlik V12 mühərriki ilə təchiz edilir. 100 km/saat həddinə tamşəkişli spayder 3,4 saniyəyə sürətlənir.