Subaru şirkəti Los-Anjeles avtosalonunda yeddi sərnişin üçün nəzərdə tutlmuş krossoverin konseptual variantını nümayiş etdirmişdir. Üç cərgəli oturacaqlara mailk olan Subaru Viziv-7 prototipi Tribeca modelinin ideoloji xələfi olacaqdır.
Konseptual krossoverin qabarit uzunluğu 5,2 metr, eni – 2,0 metr, hündürlüyü isə 1,8 metrdir. Konseptin təkərlərarası bazasının uzunluğu 2,9 metr təşkil edir. Beləliklə, konsept Subaru Outback modelindən 39 santimetr uzundur.
Subaru Viziv-7 prototipinin təkər bazası da Outback modelində olduğundan 23 santimetr genişdir. Bununla belə, yaponlar konseptin texniki hissəsi barədə heç bir məlumat verməmişdirlər. İlkin məlumatlara görə, Subaru Viziv-7 prototipinin seriya variantı böyük ehtimalla Ascent adlandırılacaqdır.
Xatırladaq ki, bir müddət öncə yapon istehsalçısı ABŞ-ın patent bürosunda bu adı qeydiyyata almışdır. Çox güman ki, avtomobilin seriya variantının mühərrik çeşidinə dörd silindrli turbomühərriklər və 3,6-litrlik altı silindrli atmosfer mühərriki daxil ediləcəkdir.Subaru Outback modelində quraşdırılan 3,6-litrlik mühərrik 260 at qüvvəsinə malikdir.
Subaru şirkətinin iri krossoveri 2018-ci ildə işıq üzü görməlidir. Avtomobilin istehsalı yapon şirkətinin Amerika Birləşmiş Ştatlarının Lafayett şəhərindəki (İndiana ştatı) zavodunda yerləşdiriləcəkdir.