BMW şirkəti Los-Anjeles avtosalonunda yenilənmiş i8 hibrid sportkarını və onun açıq modifikasiyası olan i8 Roadster modelini təqdim edib. BMW i8 ailəsi, yeni üzvü ilə birlikdə gücü 12 at qüvvəsi artırılmış hibrid güc qurğusuna sahib olub.
Rodster, ön oturacaqların arxasındakı məkana şaquli şəkildə qatlanan yumşaq tavana malikdir. Yumşaq tavanı 50 km/saat həddinə qədər sürətlərdə elektrik ötürməsinin köməyi ilə qatlamaq olar. İkinci cərgənin oturacaqlarından imtina edilməsi, ön oturacaqların arxasında əşyaların saxlanılması üçün 92 litrlik bölümü təşkil etməyə imkan verib.
Kupe kuzovlu modeldən fərqli olaraq, BMW i8 Roadster modelinin asqısı tamamilə başqa xarakteristikalara malikdir. Üstəlik, rodster 20-düymlük təkər diskləri ilə təchiz edilir. İstehsalçı yeni disklərin əvvəlkinə nisbətən bir kiloqram yüngül olduğunu da bildirib. Yuxarıda qeyd etdiyimiz kimi, yenilənmədən sonra, sportkar təkmilləşdirilmiş güc qurğusuna sahib olub.
Belə ki, litium-ion batareyalarının tutumu 7,1 kilovat-saatdan 11,6 kilovat-saata qədər artırılıb. Eyni zamanda, ön oxun hərəkətə gətirilməsinə cavabdeh olan elektromotorun gücü 143 at qüvvəsi təşkil edir. 231 at qüvvəli benzin mühərriki isə, dəyişilməz qalıb. Hibrid qurğunun ümumi gücü 374 at qüvvəsi (əvvəl 362 a.q.) təşkil edir. Yerindən 100 km/saat həddinə BMW i8 kupesi 4,4 saniyəyə, rodster isə, 4,6 saniyəyə sürətlənir.
Hər iki halda modelin maksimal sürəti 250 km/saatdır. Elektrik mühərrikindən istifadə etməklə kupe 55, rodster isə 53 kilometr məsafə qət edir. Elektrik rejimində avtomobilin maksimal sürəti 120 km/saatdır.
Yenilənmiş kupe və yeni rodster satışlarına gələn ilin may ayında başlanacaqdır.