Lexus şirkəti Los-Anjelesdə keçirilən avtosalonda flaqman ofroderi sayılan LX570 modelinin beş yerli salona malik olan variantını təqdim edib.
Üçüncü cərgənin oturacaqlarının ixtisara salınması Lexus LX570 modelinin baqaj hissəsinin tutumunu 1430 litrə qədər artırmağa imkan verib. Xatırladaq ki, üç oturacaq cərgəsinə malik olan avtomobilin baqaj bölümünün həcmi 1265 litr təşkil edir. Beləliklə, üçüncü cərgənin ləğv edilməsi ofroderə 165 litr əlavə yük götürməyə imkan verəcəkdir.
Ən maraqlısı da odur ki, Lexus LX570 modelinin beş yerli variantı yeddi yerli “qardaşını” nisbətən 5000 dollar ucuzdur. Amerika Birləşmiş Ştatlarında beş yerli avtomobili 84980 dollardan başlayan qiymətlərlə əldə etmək mümkündür. Modelin beş min ucuz olmasına baxmayaraq, onun təchizatına dəri salon, adaptiv asqı, dörd zonalı klimat-kontrol, panoram tavan elektik ötürməsi ilə açlan baqaj qapağı və 20-düymlük təkər diskləri daxildir. Hər halda, beş min dollar fərq heç də kiçik bir məbləğ deyildir. Əminəm ki, bir çox Lexus LX570 həvəskarları böyük məmnuniyyətlə nadir hallarda istifadə etdikləri üçüncü cərgədən imtina etməyə hazırdırlar.
Qeyd etmək lazımdır ki, texniki cəhətdən beş yerli ofroder dəyişilməz qalıb. Ofroder 367 at qüvvəli 5,7-litrlik V8 benzin mühərriki, səkkiz pilləli avtomatik sürətlər qutusu və tam çəkiş sistemi ilə təchiz edilir. 2630 kiloqram ağırlığa malik olan iri ofroder 100 km/saat sürətini 7,4 saniyəyə toplayır və 220 km/saat maksimal sürətə malikdir.