Mercedes-Benz şirkəti Los-Anjelesdə işinə başlamış avtosalonda yeni nəsil CLS modelini təqdim edib. Yeni model sıralı altı silindrli mühərriklərə və Mercedes-Benz S-Class flaqmanında debüt edən texnologiyalara sahib olub.
Yeni nəsil Mercedes-Benz CLS sedanı ilkin olaraq iki dizel və bir benzin mühərriki ilə təklif ediləcəkdir. 286 at qüvvəsi və 600 Nm fırlanma anı hasil edən 2,9-litrlik dizel mühərriki CLS 350 d 4Matic modifikasiyasına, eyni mühərrikin 340 at qüvvəsinə və 700 Nm fırlanma anına malik olan variantı isə CLS 400 d 4Matic modifikasiyasına quraşdırılacaqdır.
Hər iki modifikasiya qarışıq rejimdə 5,6 litr yanacaq sərfiyyatına malikdir. Yerindən 100 km/saat həddinə CLS 350 d - 5,7 saniyəyə, CLS 400 d isə, 5,0 saniyəyə sürətlənəcəkdir.
Mercedes-Benz CLS 450 4Matic modeli 367 at qüvvəsi və 500 Nm fırlanma anı hasil edən 3,0-litrlik sıralı altı silindrli benzin mühərriki ilə hərəkətə gələcəkdir. Qeyd etmək lazımdır ki, benzin mühərriki ilə təchiz edilən sedan həmçinin 48-voltluq elektrik şəbəkəsindən qidalanan startyor-generatora sahib olacaqdır.
Elektromotorun EQ Boost funksiyası qısa müddətə sedanı əlavə 22 qüvvəsi və 250 Nm fırlanma anı ilə təmin edir. CLS 450 4Matic 100 km/saat sürətini 4,8 saniyəyə toplayır və qarışıq rejimdə 100 kilometrə 7,5 litr yanacaq sərf edir.
Mercedes-Benz CLS-Class Edition 1
Bütün güc aqreqatları 9G-Tronic avtomatik ötürmələr qutusu və 4Matic tam çəkiş sistemi ilə tandemdə çalışırlar. Avtomobilin kuzov forması sələfini xatırlatsa da, o tamamilə yeni dizayna malikdir. CLS modeli ön tərəfdən daha çox "bərkgedən" Mercedes-AMG GT sportkarına bənzəyir. Lakin, bu bənzərlik bununla da bitmiş olur. Modelin arxa hissəsinin dizaynı isə, yeni formalı arxa fənərlər sayəsində alman markasının digər modellərindən kəskin seçilir.
Yeni dizayn sayəsində CLS modelinin aerodinamik müqavimət əmsalı 0,26 bərabərdir. Yeni Mercedes-Benz CLS modeli üç növ asqı sistemi ilə təklif edilir. Avtomobil standart olaraq öndə dördqollu, arxada isə beşqollu asqı sistemi ilə təchiz edilir. Opsional olaraq, Comfort, Sport və Sport+ rejimlərinə malik olan Dynamic Body Control asqısını sifariş etmək olar. Eyni zamanda, pnevmatik Air Body Control asqını da əldə etmək mümkündür.
Yeni nəsil CLS modeli flaqman sedanı olan S-Class modelindən alınmış müasir aktiv və passiv təhlükəsizlik sistemləri ilə də təchiz edilir. Buna misal olaraq, şossedə sərbəst hərəkət etmək və zolaq dəyişmək imkanı verən ikinci dərəcəli avtonom idarəetmə sistemini göstərmək olar. Sedanın avadanlıq siyahısına aktiv kruiz-kontrol, avtomatik dayanacağa qoymaq, zolaqda saxlama və Pre-Safe Sound sistemləri daxil edilib.
Qəza qaçınılmaz olarsa, sonuncu sistem qısa çəhrayı səs impulsu yaradaraq sürücü və sərnişinləri karlaşmadan qoruyur.
Bundan əlavə, avtomobilin avadanlıq siyahısına Energizing sistemi də daxil edilmişdir ki, bu sistem də 10 dəqiqəlik əhval-ruhiyyə yüksəltmə - Warmth, Vitality, Joy, Comfort və Training (üç variantda) - proqramlarına malikdir.
Mercedes-Benz CLS-Class Edition 1
Seçilmiş proqramdan asılı olaraq, sistem oturacaqların tənzimləmələrini (isitmə, havalandırma və massaj), salonun LED işıqlandırmasını (64 çalar seçimi), klimat-kontrolun (qorulandırma da daxildir) iş rejimini dəyişir və musiqili müşayəti seçir. Mercedes-Benz CLS modelinin interyerinin dizaynı yeni S-Class və E-Class sedanlarının dizayn üslubunda tərtib edilibdir.
Yeni model həmçinin dəbdəbəli Edition 1 modifikasiyasında da təklif ediləcəkdir.
Zəngin standart təchizata malik olan sedan AMG kuzov dəsti, 20-düymlük təkər diskləri, ön qanadlardakı "Edition 1" emblemləri və interyerin xüsusi tərtibatı ilə seçiləcəkdir.