Los-Anjelesdə fəaliyyətinə başlayan avtomobil sərgisində Saleen Automotive şirkəti yeni S1 adlı sportkarı nümayiş etdirib. 100 min dollara satılacaq ortamühərrikli avtomobilin ilk müştərilərə çatdırılmasına 2018-ci ilin yayında başlanacaqdır.
Saleen S1 modelinin əsasını alüminiumdan hazırlanan şassi təşkil edir. Avtomobilin kuzov panelləri karbon liflərindən hazırlanıb.
Nəticədə yeni sportkar 1218 kiloqram çəkiyə malikdir. Saleen Automotive şirkətinin rəhbəri Stiv Selinin sözlərinə görə, avtomobilin yaradılması zamanı kuzovun aerodinamikasına xüsusi diqqət yetirilib. Nəticədə, qarşımızda maraqlı dizayna, çoxsaylı hava girişlərinə, buraxılış sisteminin mərkəzdə yerləşdiilmiş borularına və 20-düymlük disklərinin arxasında gizlənən güclü əyləc mexanizmlərinə sahib olan sportkar durur.
Saleen S1 modeli 450 at qüvvəsi və 474 Nm fırlanma anı hasil edən 2,5-litrlik turbomühərriklə təchiz edilib. Şirkət nümayəndələri güc aqreqatının Saleen mütəxəssisləri tərəfindən hazırlandığını iddia edirlər. Güc aqreqatı altı pilləli mexaniki ötürmələr qutusu ilə birlikdə çalışır.
Lakin, şirkət rəhbəri bir müddət sonra, iki muftalı robotlaşdırılmış ötürmələr qutusunun da təklif edəcəyini bildirib. Rəsmi məlumata görə, S1 modeli 60 mil/saat (96 km/saat) həddinə sürətlənmək üçün 3,5 saniyə sərf edir. Sportkar dörddə bir mil məsafəsini 11,3 saniyəyə qət edir. Avtomobilin elan edilən maksimal sürəti 180 mil/saatdır (290 km/saat).
Saleen S1 modelinin interyeri minimalizm üslübunda dizayn edilibdir. Burada kiçik sükan çarxını, rəqəmsal cihazlar panelini və multimedia sisteminin mərkəzi konsoldakı iri ekranını görmək olar. Stiv Selin əlçatan superkarın yaradılmasının əsas məqsədinin şirkətin satışlarının artırilması olduğunu etiraf edib.
O, ilə ərzində 1500 – 2000 arasında S1 modelini buraxmağı planlaşdırdıqlarını da qeyd edib. Selin tərəfindən yeni superkarın satışlarının ABŞ ilə yanaşı Avropa və Çində də təşkil ediləcəyi də xüsusilə vurğulanıb. Saleen S1 modelini sifariş etmək istəyənlər 1000 dollar beh verməlidirlər.