Lotus Eletre elektrik hiperkrossoverinin debütü bu ilin mart ayında baş tutsa da, istehsalçı yeni avtomobil haqqında bütün təfərrüatları açıqlamamışdı. İndi isə, bunu etməyin tam vaxt gəlib çatıb. Bunun səbəbi isə çox sadəsdir - Lotus şirkətinin Çinin Uhan şəhərindəki yeni zavodu artıq istehsala başlamağa hazırdır. Buna görə də, Lotus şirkəti yeni hiperkrossoverin bütün xüsusiyyətlərini və qiymət siyahısını dərc edib. Qeyd etmək gərəkdir ki, yeni zavod Lotus markasının sahibi olan Geely holdinqinə 1,2 milyard dollara başa gəlib.
Uzunluğu 5103 millimetr olan elektrik krossoveri bazara üç versiyada çıxacaqdır. Onların hamısı ikimühərrikli güc qurğusuna, tam ötürməyə, 800 voltluq elektrik sisteminə və 112 kilovat-saatlıq dartma batareyasına malik olacaqlar.
Lotus Eletre krossoverinin baza versiyası 612 at qüvvəsi və 710 Nm fırlanma anı hasil edən güc qurğusu ilə hərəkətə gələcəkdir. Təxminən iki ton ağırlığında olan krossover 100 km/saat həddini toplamağa 4,5 saniyəyə sərf edəcəkdir. Baza versiyasının maksimal sürəti 258 km/saat, pasport üzrə yürüş ehtiyatı isə, 600 kilometr (WLTP) olacaqdır.
İkinci versiya Lotus Eletre S adlansa da, baza krossoverdən texniki cəhətdən fərqlənmir. S indeksli krossoverin özəl cəhətləri arasında arxa tərəfdə quraşdırılmış aktiv spoyler (müxtəlif hücum bucaqları olan üç mövqe var) və genişləndirilmiş təchizatıdır.
Eletre S modelinin təchizatına məsələn, qapı bağlayıcıları, qabaqcıl KEF audio sistemi (23 dinamik), müasir daxili işıqlandırma və sairə daxildir. Standart olaraq, krossoverlər adi yan güzgülər ilə təchiz edilirlər, lakin əlavə ödəniş müqabilində onları kameralar ilə əvəzləmək olar.
Modifikasiya çeşidinin zirvəsində Lotus Eletre R modeli qərarlaşacaqdır. İkimühərrikli güc qurğusunun ümumi hasilatı 918 at qüvvəsi və 985 Nm təşkil edur. Əlavə olaraq, bir pilləli reduktorların əvəzinə iki pilləli reduktorlar quraşdırılır.
Krosoverin 100 km/saata sürətlənmə müddəti 2,95 saniyəyə qədər azaldılsa da, maksimal sürət həddi o qədər də artmayıb - cəmi 265 km/saat. Pasport üzrə yürüş ehtiyatı 490 kilometrdir. Bundan əlavə, Eletre R yenidən tənzimlənmiş asqıya, müxtəlif ölçülü təkərlərə və geniş çeşiddə karbondan hazırlanmış elementlərə malik olub.
Ən güclü krossoverin göstəricilər rekord sayılmaz. Müqayisə üçün: 2455 kiloqram çəkisi olan Tesla Model X Plaid 1020 at qüvvəsi hasil edən üç mühərrikə malikdir və 100 km/saat həddini 2,6 saniyəyə toplayır. Onun yürüş ehtiyatı isə 547 kilometrdir. Maksimal sürət baxımından Tesla elektrokarı Lotus krossoverinə uduzur: 262 km/saat.
Bütün Lotus krossoverləri standart olaraq pnevmatik asqı və 22-düymlük təkər diskləri ilə təchiz edilirlər. Bu halda avtomobilin klirensi 194 millimetr təşkil edir. Lakin həm valehedici 23 düymlük və ya yüngül 20-düymlük (yalnız Eletre və Eletre S versiyaları üçün) təkər disklərini sifariş etmək olar. Qeyd etmək gərəkir ki, 600 kilometrlik yürüş məsafəsi məhz 20-düymlük disklərdə əldə edilib. Belə disklərin quraşdırılması halında klirens 187 millimetr təşkil edəcəkdir.
Krossover standart olaraq bütöv arxa divanı olan beşyerli salonla təklif ediləcəkir. Bu halda baqajın həcmi 688 litr, arxa sıranın qatlanması halinda isə 1532 litr təşkil edir.
Amma dördyerli salonu da seçmək olar: bu halda arxada elektriklə tənzimlənən iki fərdi oturacaq və mərkəzi displey quraşdırılmış iri boks quraşdırılır. Belə oturacaqların arxasında sərt arakəsmə var. Məlum məsələdir ki, heç bir transformasiyadan söhbət gedə bilməz və baqajın həcmi 611 litrdir. Ön baqaj bölməsinin tutumu 46 litr təşkil edir.
Lotus Eletre modelində gələcəkdə aktiv olacaq avtopilot üçün dörd lidar quraşdırılıb: onlar damda (ön və arxada) və ön qanadlarda yerləşdiriliblər, və yalnız lazım gəldikdə irəli çıxırlar. Əvvəlcə onları əlavə ödənişlə təklif etməyi planlaşdırırdılar, lakin sonunda onları standart avadanlıq siyahısına daxil etmək qərarına gəliblər.
Lidarlar əvvəlcə standart elektron köməkçilər dəstinin bir hissəsi kimi işləyəcəklər, tamölçülü 4-cü səviyyəli avtopilot isə “hava” üzərindən həyata keçiriləcək proqram təminatının yeniləməsi ilə birlikdə peyda olacaqdır.
Nəhayət gələk qiymətlərə. Elektrik krossoverinin ilk bazarları Çin, Böyük Britaniya və kontinental Avropa olacaqdır. Məsələn, Almaniyada krossoverin baza versiyası 96 min avroya, Eletre S - 121 min avroya, Eletre R isə 151 min avroya satılacaqdır. Çində baza krossoveri olmayacaqdır, burada S versiyası üçün 113 min dollar, Eletre R versiyası üçün isə 141 min dollar tələb edəcəklər. Krossoverlərin çatdırılmalarına 2023-cü ilin əvvəlində başlanmalıdır.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.