Bu gün Lotus şirkəti Facebook sosial şəbəkəsində yeni sportkarın sükanı və virtual cihazlar paneli göstərilən videotizeri yayımlayıb. Çinin Geely holdinqinə məxsus Lotus şirkəti mövcud Elise, Exige və Evora modellərinin davamçısı olacaq daxili yanma mühərriki ilə təchiz edilmiş sonuncu idman avtomobilini təqdim etməyə hazırlaşır. İngilis markası Emira adlandırılmış sportkarı 6 iyul tarixində nümayiş etdirəcəkdir.
Tizerdən də göründüyü kimi, Emira sarı rəngli sıfır işarəsinə, eyni rəngli tikişlərə və yeni Lotus loqosuna malik olan aşağı hissəsi “kəsilmiş” sükan çarxını, habelə seçilmiş hərəkət rejimindən asılı olaraq interfeysin rəngini dəyişdirən rəqəmsal cihazlar panelini alacaqdır. Sükanaltı dəstəklərdən göründüyü kimi, sportkar avtomatik ötürmələr qutusunu alacaqdır. Lakin mexaniki transmissiyanın təklif ediləcəyi də istisna olunmur.
Emira modelinin əsasını yeni Elemental alüminium platforması təşkil edəcəkdir. Bu, Vision80 strategiyası çərçivəsində Lotus tərəfindən hazırlanan dörd platformadan biridir. Yeni arxitektura digərləri kimi “açıq” olacaqdır – yəni Emira modelindən sonra kənar istehsalçılar da ondan istifadə edə biləcəklər.
Mühərrik çeşidinə gəldikdə isə, yeni sportkar bir neçə mühərrik ilə təklif ediləcəkdir. Variantlardan biri Britaniya markasının adı açıqlanmayan tərəfdaşı tərəfindən hazırlanıb. İkinci mühərrik isə, Toyota şirkətinin 422 at qüvvəsi və 430 Nm fırlanma anı hasil edən 3,5-litrlik V6 aqreqatıdır.
Lotus şirkəti Emira modelinin buraxılacağı Norfolkdakı müəssisənin modernləşdirilməsinə 100 milyon funt sterlinq sərmayə qoyub. Üstəlik, şirkət 200 yeni əməkdaşı işə götürüb. Hələlik Norfolkdakı zavodda yalnız seriyaöncəsi prototiplər yığılır.
Lotus Emira modelinin "əmtəə" versiyasının satışları gələn il başlanacaqdır.