Gələn ay Lotus markasının model xəttinə yeni avtomobil – Emira sportkarı daxil olacaqdır. Britaniya markasının bu gün dərc etdiyi videotizerdə yeni sportkarın debüt tarixi də açıqlanıb: Emira modeli 6 iyul tarixində Norfolkda təqdim ediləcəkdir. Sonradan Lotus Emira 8 iyul tarixində işinə başlayacaq Qudvud Sürət Festivalında tamaşaçı kütləsi qarşıdında debüt edəcəkdir.
Yeni tizerdə avtomobilin birinci yarısı nümayiş etdirilir: avtomobilin üzərinə düşən işıq onun Lotus avtomobillərinə xas olan güclü ön qanadını və qapısını ön plana çıxarır. Bundan başqa, tizerdə qapının ön və arxa tərəfindən qanadlara tərəf uzanan əyri xətt də diqqəti çəkir.
Emira modelinin əsasını yeni Elemental alüminium platforması təşkil edəcəkdir. Bu, Vision80 strategiyası çərçivəsində Lotus tərəfindən hazırlanan dörd platformadan biridir. Yeni arxitektura digərləri kimi “açıq” olacaqdır – yəni Emira modelindən sonra kənar istehsalçılar da ondan istifadə edə biləcəklər.
Mühərrik çeşidinə gəldikdə isə, yeni sportkar bir neçə mühərrik ilə təklif ediləcəkdir. Variantlardan biri Britaniya markasının adı açıqlanmayan tərəfdaşı tərəfindən hazırlanıb. İkinci mühərrik isə, Toyota şirkətinin 422 at qüvvəsi və 430 Nm fırlanma anı hasil edən 3,5-litrlik V6 aqreqatıdır.
Lotus şirkəti Emira modelinin buraxılacağı Norfolkdakı müəssisənin modernləşdirilməsinə 100 milyon funt sterlinq sərmayə qoyub. Üstəlik, şirkət 200 yeni əməkdaşı işə götürüb. Hələlik Norfolkdakı zavodda yalnız seriyaöncəsi prototiplər yığılır. Lotus Emira modelinin "əmtəə" versiyasının satışları gələn il başlanacaqdır.
Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.