Lotus şirkəti Evora Sport 410 modelinin bazasında hazırladığı növbəti xüsusi seriyanı təqdim etmişdir. Yeni seriya markanın Formula 1 çempionatındakı iştirak tarixinə həsr edilmişdir. Xüsusi sportkardan beş nüsxədə istehsal ediləcəkdir.
Xüsusi seriyadan olan avtomobillər Lotus komandasının 1970-1980-ci illərdə istifadə etdiyi rənglərə boyanacaqdırlar. Sportkarlar qara-qızılı rəng sxeminə malik olacaqdırlar. Avtomobillərin kuzovu qara rəngə boyanacaq və qızılı haşiyələrlə bəzədiləcəkdirlər. Bundan başqa, kuzovun üzərində həkk edilmiş ebmlemlər və təkər diskləri də qızılı rəngə boyanacaqdırlar. Sportkarın salonu dəri və alkantara ilə örtüləcək, eyni zamanda qızılı saplarla tikişlər ediləcəkdir.
Texniki cəhətdən sportkar dəyişikliyə məruz qalmayacaqdır. Lotus Evora Sport 410 modeli 210 at qüvvəsi və 410 Nm fırlanma anı təklif edən 3,5-litrlik kompressorlu V6 mühərriki ilə təchiz edilir. Mühərrik altı pilləli mexaniki və ya avtomatik ötürmələr qutusu ilə tandemdə çalışır. 1325-1370 kiloqram arasında çəkiyə malik olan sportkar 100 km/saat sürətini 4,2 saniyəyə toplayır. Onun maksimal sürəti isə 300 km/saat təşkil edir.