Lotus şirkəti Evora 400 sportkarının «Hethel Edition» adını almış xüsusi variantını təqdim etmişdir. Xüsusi hazırlanmış sportkar Britaniya markasının Hetel şəhərində yerləşən müəssisəsinin 50 illik yubileyinə həsr edilmişdir. Lotus Evora 400 Hethel Edition üç eksklyüziv rənglə təklif ediləcəkdir. Avtomobilin kuzovu Essex Blue, Motorsport Black və Britaniyanın yarış simvoluna çevrilmiş Racing Green rənglərinə boyanacaqdır. Avtomobillərin salonu qara və qırmızı çalarlı dəri və alkantara ilə üzlənəcəkdir.
Yubiley seriyasından olan hər bir avtomobil xüsusi versiyanın adı yazılmış lövhəciklə və kuzov boyu çəkilmiş xüsusi zolaqlarla təchiz ediləcəkdir. Bundan əlavə, avtomobillər xüsusi olaraq alüminiumdan hazırlanmış təkər diskləri və əyləc mexanizmlərinin qırmızı rəngə boyanmış supportları ilə digərlərindən seçiləcəkdirlər.
Bununla belə, Lotus Evora 400 modeli texniki cəhətdən dəyişilməz olaraq qalır. Sportkar 400 at qüvvəsi gücü və 310 Nm fırlanma anı olan 3,50litrlik V6 mühərriki ilə hərəkətə gəlir. Güc aqreqatı altı pilləli mexaniki və ya altı diapazonlu avtomatik sürətlər qutusu ilə birgə çalışacaqdır. Evora 400 modeli 100 km/saat sürətini 4,2 saniyəyə toplayır və 300 km/saat maksimal sürətə malikdir. Avtomatik sürətlər qutusu ilə təchiz edilmiş modeldə bu göstərici 280 km/saata bərabərdir.
Xüsusi seriyadan olan avtomobillər vətənində 75,5 min funt-sterlinqdən başlayan qiymətlə satılacaqdır. Lotus şirkətində həmçinin, bu avtomobilin Heteldəki müəssisənin 50 illik yubileyinə həsr edilmiş çox sayda avtomobillərdən biri olduğunu qeyd etmişdirlər.