Lotus şirkəti Lotus Advanced Performance (LAP) bölməsinin yaradıldığını elan edib. LAP bölməsinin xidmət portfelinə təkcə fərdi idman proqramı və fərdiləşdirmənin həyata keçirilməsi deyil, həm də eksklüziv və məhdud saylı modellərin inşası daxildir. Elanla birlikdə yayımlanan tizer, gələcək LAP layihələrindən birinə işarə edir. Bu, daxili yanma mühərriki ilə təchiz edilmiş açıq təkərli avtomobildir.

LAP bölməsinin yaradılması Lotus şirkətinin sportkarların milli istehsalçısından dünya səviyyəli brendə çevrilməsi üçün hazırlanmış genişmiqyaslı proqramın bir hissəsidir. Bölmə müştərilər üçün tədbirlərin təşkilini, aksessuarların və opsiyaların hazırlanmasını öz üzərinə götürəcək, həmçinin seriya modellərinin fərdiləşdirmə xidmətlərini təklif edəcəkdir. Ən əsası isə, LAP halo-layihələrə görə cavabdeh olacaqdır. Bu layihələr əsas model xəttinə daxil olmayan unikal və ultra-eksklüziv avtomobillərin inşasını nəzərdə tutur. Şirkət artıq belə avtomobillərdən birinin tizerini nümayiş etdirib. Bu, açıq təkərləri və nəhəng antiqanadı olan boliddir.

LAP bölməsinə Q by Aston Martin bölməsinin sabiq rəhbəri Saymon Leyn başçılıq edəcəkdir. 2017-ci ildə, məhz onun rəhbərliyi altında Böyük Britaniya Kral Hərbi Hava Qüvvələrinin eyniadlı pilotaj komandasına həsr olunmuş Aston Martin Vanquish S Red Arrows Edition xüsusi versiyası buraxılmışdı. Nəşrin tirajı 10 nüsxədən ibarət idi. Bu seriyanın sonuncu avtomobili RAF Benevolent Fund xeyriyyə fonduna verilmiş və  1,5 milyon funt sterlinq vəsaitin toplanmasına kömək etmişdi. Leynin sevimli Lotus modeli 243 at qüvvəsi və 293 Nm fırlanma anı hasil edən 2,0-litrlik turbomühərriklə təchiz edilmiş Esprit GT3 sportkarıdır.

Lotus şirkəti LAP bölməsinin işə salınması ilə eyni zamanda, ilk krossoveri olan Type 132 modelinin təqdimatına hazırlaşır. Krossover daxili nomenklaturada Premium Lifestyle Vehicle (PLV), yəni gündəlik premium avtomobili kimi qeydə alınıb. Hethel şəhərindəki müəsissədə yığılan sportkarlardan fərqli olaraq, daha iki modelin daxil olacağı PLV seriyası Çinin Uhan şəhərindəki yeni zavodda inşa ediləcəkdir. Bu zavodun inşasına 900 milyon funt sterlinq sərmayə qoyulub. PLV avtomobillərinin əsasını elektrokarlar üçün nəzərdə tutulmuş Lotus Premium arxitekturası təşkil edəcəkdir.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.