Lotus şirkəti 16 iyul tarixində Type 130 kod adlı ilk elektrik hiperkarını təqdim etməyə hazırlaşır. Bu gün istehsalçı yeni hiperkarın adını da açıqlayıb - Evija (tərcümədə - ilk mövcud olan). Çoxdan qəbul edilmiş ənənəyə uyğun olaraq, Lotus modellərinə «E» hərfi ilə başlayan adlar verilir. Bunlara misal olaraq, Esprit, Europa, Elan, Elise, Eclat, Elite, Exos, Exige, Evora və əlbəttə ki, əfsanəvi Eleven adlarını göstərmək olar.

Yeni hiperkarın adını açıqlamaq üçün Lotus yeni 15 saniyəlik videotizeri dərc edib. Yeni tizerdə avtomobilin adı ilə yanaşı, onun qırmızı rəngli start/stop düyməsini, həmçinin elektrik şüşəqaldıranlarının və avtomatik ötürmələr qutusunun düymələrini də görmək olar. Eyni zamanda, avtomobilin adının onun virtual cihazlar panelində görüntüləndiyi də ehtimallar arasındadır. Ön panelin bir küncündən digər küncünə qədər axan LED işıq xətti isə, salonun ətraf işıqlandırmasına malik olduğuna işarə edir.

İlkin məlumata görə, Lotus Evija hiperkarı 1000 at qüvvəsinə malik olan elektrik güç aqreqatı ilə təchiz ediləcəkdir. Bu aqreqat Williams Advanced Engineering mühəndislik firması ilə birlikdə hazırlanıb. Ən maraqlısı odur ki, şəffaf kuzov panelləri avtomobilin texniki içalatını seyr etməyə imkan verəcəklər. Bundan əlavə, hiperkar aktiv aerodinamika kompleksinə və yan güzgüləri əvəzləyən çıxan kameralar ilə də təchiz ediləcəkdir. Type 130 modelinin yürüş ehtiyatı 402 kilometrdir.

Lotus cəmi 130 ədəd Evija modelini buraxacaqdır. Avtomobillər Norfolkdakı (İngiltərə) zavodda əl ilə yığıacaqdırlar.