Geely konserninə məxsus olan Lotus markası ilk krossoverinə həsr etdiyi növbəti tizeri dərc edib. Zavoddaxili Type 132 kodu ilə tanınan və 2022-ci ildə bazara çıxacaq krossoverin elektrik güc qurğusu ilə hərəkətə gələcəyi məlumdur. Yeni videoçarxda, avtomobilin seçilən tikişləri və multimedia sisteminin çərçivəsiz planşeti olan ön paneli nümayiş etdirilir. Görünən odur ki, salondakı fiziki düymələrin sayı minimuma endirilmiş, əsas funksiyaların idarə edilməsi isə sensorlu ekran vasitəsi ilə həyata keçirilir.

Type 132 modeli barədə bəzi təfərrüatlar məlumdur. Şirkətdə krossover Premium Lifestyle Vehicle (PLV) kimi, yəni premium seqmentindən olan “gündəlik” avtomobil kimi səciyyələndirlir. Krossoverin əsasını, 92-120 kilovat-saat arasında tutumu olan batareyaların quraşdırılmasına imkan verən Lotus Premium arxitekturası təşkil edir. Potensial olaraq, bu platformada inşa edilən elektromobillər 100 km/saat həddini üç saniyədən az vaxta toplaya biləcəklər. Onların istehsalı Böyük Britaniyada deyil, Çinin Uxan vilayətindəki zavodda təşkil olunacaqdır.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.