Lotus şirkəti «bərkgedən» Exige Sport 380 modelinin trek variantını təqdim etmişdir. İngilis istehsalçısı bu avtomobili «superkarların qatili» adlandırır. Çəkisi bir tondan az olan və kompressorlu V6 mühərriki ilə təchiz edilmiş sportkarın adı Lotus Exige Race 380-dır.
Ümumi yollar üçün nəzərdə tutulmuş sportkarın çəkisi 1066 kiloqram təşkil etdiyi halda, trek üçün hazırlanmış avtomobilin aöırlığı 998 kiloqrama (- 68 kiloqram) bərabərdir. Əlbəttə ki, söhbət avtomobilin mayelərsiz netto çəkisindən gedir.
Lotus şirkətindən, avtomobilin çəkisinin hansı yolla azaldılması açıqlanmasa da, mühəndislərin Exige Race 380 modelini polikarbonatdan hazırlanmış yan şüşələrlə və karbondan hazırlanmış bəzi elementlərlə təchiz etdikləri məlumdur.
Bununla bərabər, 10 kiloqram çəkiyə qənaət etməyə titandan hazırlanmış buraxılış sistemi yardım etmişdir. Sportkar həmçinin «ultrayüngül» döyməli təkər disklərini də əldə etmişdir. Öndə 17, arxada isə 18-düymlük ölçüyə malik olan təkər diskləri Michelin Pilot Sport Cup 2 şinləri ilə təchiz edilirlər. Avtomobil Toyota şirkətinin istehsalı olan 3,5-litrlik V6 mühərriki ilə hərəkətə gəlir. Altı pilləli mexaniki və ya avtomatik ötürmələr qutusu ilə təchiz edilən adi sportkardan fərqli olaraq, trek variantı 6 pilləli Xtrac sekvental ötürmələr qutusu ilə təchiz ediləcəkdir.
Lotus Exige Race 380 modelini 60 mil/saat (96 km/saat) həddinə 3,2 saniyəyə sürətlənir ki, bu da Exige Sport 380 srotkarında olduğundan 0,3 saniyə daha yeyindir. Eyni zamanda, Lotus trek avtomobilinin Hethel trekini 23,5 saniyəyə qət etdiyini bildirmişdir. Bu Lotus Exige Cup R trek avtomobilinin göstəricisindən 1,5 saniyəyə yeyindir. Trek sportkarının daha bir xüsusiyyəti xüsusi aerodinamik parçalar dəsti və arxada bərkidilən iri antiqanaddır. Trek avtomobilinin aerodinamikası 273 km/saat sürətində 240 kiloqram yerə basma gücü təmin edir. Bundan əlavə, Lotus Exige Race 380 modeli AP Racing firmasının əyləc mexanizmlərini əldə etmişdir. Lotus şirkəti artıq bu modelə sifarişləri qəbul edir. Sportkarın qiymətləri 115 min avrodan başlayır.