Lotus şirkəti Çinin Geely holdinqinin nəzarəti altına keçdikdən sonra öz model çeşidini sürətləndirilmiş şəkildə elektrikləşdirməyə başlayıb. Əlbəttə ki, belə hal brendin ənənəvi dəyərlərinə ziddir: Lotus avtomobilləri həmişə yığcam, yüngül və çevik olublar. Lotus şirkəti özünəməxsusluğu qoruyub saxlamaq üçün Theory 1 konsept avtomobilini təqdim edib. Bu konsept ingilis brendinin gələcək inkişaf istiqamətini nümayiş etdirir.
Bu məqsədlə hətta rəqəmsallaşmanı təbiilik və analoq həlləri ilə şıltaq şəkildə birləşdirən xüsusi konsepsiya da hazırlanıb. Dizayner Ben Peyn Theory 1 konseptinin Lotus brendinin 76 illik tarixindəki ən yaxşı həlləri özündə cəmlədiyini, eyni zamanda, gələcəyin hiperkarının görünüşünü nümayiş etdidiyini bildirib. Yeni avtomobilin görünüşü həqiqətən də əfsanəvi Lotus Esprit modelinin xarakterik paz şəkilli profilini ortaya qoyur. Eyni zamanda, nazik lazer-fosfor faralar, nəhəng ön şüşə və arxaya doğru açılan qapılar daha futuristik görünüş yaradır.
Digər müasir Lotus modelləri ilə müqayisədə Theory 1 konsepti daha yığcam alınıb: onun uzunluğu 4490 millimetr, eni - 2000 millimetr, hündürlüyü - 1140 millimetr, təkər bazası isə, 2650 millimetrdir. Kuzovun yaradılması zamanı sənaye üçün adi 100 material əvəzinə yalnız 10 növ materialdan istifadə edilib. Bu, təkcə ekoloji təmizliyə deyil, həm də konstruksiyanın sərtliyinə müsbət təsir göstərib.
Təkrar emal edilmiş karbonplastikdən hazırlanmış monokok, sellüloza və polikarbonatdan hazırlanmış xarici panellər sayəsində elektrik hiperkarı nisbətən yüngül alınıb: onun çəkisi 1600 kiloqramdan azdır. Hiperkar 1000 at qüvvəli güc qurğusuna, tam ötürməyə və WLTP dövrü üzrə 402 kilometr məsafə qət etməyə imkan verən 70 kilovat/saat tutumlu dartma batareyasına malikdir. 100 km/saata təxmini sürətlənmə müddəti 2,5 saniyədən azdır, maksimal sürəti isə, 320 km/saatdır.
Lotus Theory 1 hiperkarı adaptiv amortizatorları və ikiqat köndələn qolları olan asqıya malikdir. Bundan başqa, arxa asqı elektrik mühərriki və dartma batareyası ilə birlikdə vahid alt çərçivədə quraşdırılıb. Bu qurğuda həmçinin irəli çıxa bilən antiqanad üçün dayaqlar quraşdırılıb ki, bu da yerəbasma qüvvəsini kuzova deyil, birbaşa şassiyə ötürür. Digər aerodinamik elementlər də aktivdirlər.
Sükan idarəetməsi tel vasitəsilə həyata keçirilir ki, bu da onun parametrlərini geniş diapazonda dəyişdirməyə imkan verir. AP Racing əyləc sistemi altı porşenli mexanizmlərinə və bütün təkərlərdəki 390 millimetrlik disklərə malikdir. Konseptdə öndə 265/35 R20, arxada isə, 325/30 R21 ölçülü Pirelli P-Zero Elect şinləri quraşdırılıb.
Salon mərkəzdə sürücünün, yan tərəflər və bir qədər arxada isə, sərnişinlərin əyləşdiyi üç nəfərlik yerləşdirmə sxeminə malikdir. Oturacaqların sərt karbonplastikdən hazırlanmış lojementlərdən ibarət olduğu üçün, elektriklə yalnız sükan sütunu və pedal qurğusu tənzimlənir. Bununla belə, oturacaqların baş dayaqlarına KEF audiosisteminin binaural səsi təmin edən əlavə dinamikləri quraşdırılıb.
Lotus Theory 1 konsepstinin gələcək perspektivləri naməlumdur. Bununla belə, onda olan ideyalar gələcək Lotus modellərində öz tətbiqini tapa bilərlər.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.