Yeni Lotus modelinin təqdimatı o qədər nadir hala çevrilib ki, XXI əsrdəki bütün təqdimatları bir əlin barmaqları ilə saymaq olar. Məsələn, 2000-ci ildə Exige, 2006-cı ildə - Europe, 2008-ci ildə isə Evora modeli debüt edib. Bundan sonra yalnız sonsuz modernləşdirmə işləri aparılıb və xüsusi versiyaların buraxılışına başlanıb .

Ancaq dörd il əvvəl Geely holdinqinin qanadı altına keçən Lotus şirkətinin, idmançıların dili ilə desək, “ikinci nəfəsi açılıb”. Artıq ingilis markası elektrikli Evija hiperkarını buraxacağını (əmtəə hiperkarları bu ilin sonunda debüt edəcəklər) bəyan edib. Lakin, məlum olduğu kimi, Lotus Evija kiçik tirajlı və çox bahalı bir avtomobildir. Yeni model çeşidinin əsasını isə, həqiqətən kütləvi idman avtomobili olacaq ortamühərrikli Lotus Emira kupesi təşkil edəcəkdir.

Bu kupe istehsal proqramında mövcud olan bütün modelləri - Elise, Exige və Evora sportkarlarını əvəzləyəcəkdir. Ancaq eyni zamanda, Emira elektrik əlavəsi olmayan daxili yanma mühərriki ilə hərəkətə gələn son Lotus sportkarı olacaqdır: bu yaxınlarda qəbul edilmiş Vision80 strategiyasına əsasən, Lotus yalnız hibrid və elektromobilləri istehsal edəcəkdir. Ancaq şirkət, bəzi qədim dillərdən “lider” kimi tərcümə olunan Emira sözündən boş yerə istifadə etməyib: göründüyü kimi, bu sportkara uzun  konveyer ömrü biçilib.

Lotus Emira modeli üzərindəki çalışmalara 2018-ci ilin payızında start verilib, buna baxmayaraq, çalışmalar hələ də tamamlanmayıb: qarşıda sportkarı son testlər gözləyir. Ancaq ümumiyyətlə,idman avtomobilinin dizaynı və konstruksiyası tamamlanıb. Zahiri cəhətdən Emira modeli, Rassell Karrın rəhbərlik etdiyi dizaynerlər qrupu tərəfindən yaradılmış yeni firma üslubunda dizayna sahib olan Evija hiperkarına bənzəyir. Bu üslubun xarakterik xüsusiyyətləri şaquli LED fənərlər, bumeranq formal hava kanalları və əyri dam xəttidir.

Ölçülərinə görə Lotus Emira modeli, Elise və Exige modelləri bir qıraqda qalsın, hətta Evora modelini də üstələyir. “Əmirin” uzunluğu  4412 millimetr, eni - 1895 millimetr, hündürlüyü isə 1225 millimetrdir. İdman avtomobili standart olaraq 20-düymlük təkər diskləri ilə təchiz edilir. Eyni zamanda, sportkarın aerodinamik kuzov dəstində bir ədəd olsun belə aktiv element yoxdur: bütün səthlər birdəfəlik hesablanıb və yoxlanılıb.

Emira yeni Sports Car Architecture alüminium platformasında inşa edilmiş ilk Lotus modelidir. Konseptual olaraq, bu parxitektura əvvəlki Lotus platformasını təkrarlayır və hətta təkər bazası da Evora modeli ilə (2575 millimetr) eynidir, lakin bütün qurğu və elementlər yenidən hazırlanıb, təkər izi isə nəzərə çarpacaq dərəcədə genişlənib. Eyni zamanda, Emira klassik sükan hidrogücləndiricisini qoruyub saxlayıb!

Baza mühərriki də eyni qalıb. Bu, Toyota şirkətinin ingilislər tərəfindən təkmilləşdirilmiş 3,5-litrlik V6 mühərrikidir. Güc aqreqatı mexaniki və ya Aisin firmasının avtomatik ötürmələr qutusu ilə təchiz edilə bilər. Ancaq alternativ seçim də təklif ediləcəkdir: Mercedes-AMG A 45, CLA 45 və GLA 45 modellərindən tanış olan 2,0-litrlik dördsilindrli AMG M139 turbomühərriki.

Daimler konserni Lotus şirkətinin texniki tərəfdaşı olub və burada təəccüblü bir şey yoxdur. Məlum olduğu kimi, Geely və Daimler artıq bir müddətdir ki, Smart markasının inkişafı üçün əməkdaşlıq edirlər. Odur ki, Lotus orijinal giriş və çıxış sistemləri olan turbomühərriki əldə edəcəkdir. Bu aqreqat üçün təklif edilən yeganə transmissiya isə ikimuftalı səkkiz pilləli "robot" olacaqdır.

Təəssüf ki, şirkət hələlik mühərriklərin dəqiq göstəricilərini açıqlamayıb. Şirkətdən onların  360 ilə 400 at qüvvəsi arasında güc diapazonuna və maksimum 430 Nm fırlanma anına malik olacaqları bildirilib. Ən sürətli modifikasiya 100 km/saat həddini 4,5 saniyədən az müddətdə toplayacaq və 290 km/saatlıq maksimal sürət həddinə malik olacaqdır. Əlavə ödəniş qarşılığında, tərkibinə daha sərt asqı, lonç-kontrol və xüsusi Michelin Pilot Sport Cup 2 şinləri daxil olan Lotus Drivers Pack dəsti də təklif olunur.

Ancaq “Əmirin” əvvəlki modellərlə müqayisədə  əsas üstünlüyü daha düşünülmüş və rahat  salonudur: Lotus gündəlik istifadə üçün yararlı avtomobilə çevrilməlidir. Bunun sübutu kimi, ilk dəfə Lotus avtomobilinin salonunda peyda olmuş stəkanaltıları göstərmək olar! İki yerlik interyer yumşaq materiallarla "tam ölçülü" tərtibata malikdir. Oturacaqların üzlənməsi üçün nappa dərisi təklif olunur və onların tənzimləmə diapazonu genişləndirilib. Əlavə ödənişlə, oturacaqların elektrik ötürücüsü ilə tənzimlənməsini də sifariş etmək olar.

Cihazlar paneli artıq virtualdır və 12,3 düymlük ekrana malikdir. Klimat-kontrolun idarə edilməsi isə mediasistemin 10,25-düymlük ekranına inteqrasiya edilib. Opsiyalar arasında ingilis KEF şirkətinin qabaqcıl səs sistemi var. Stabilləşdirmə sistemi və yan hava yastıqları Evora modelində də var idi, Emira isə model çeşidində avtomatik əyləcləmə sistemini və adaptiv kruiz-kontrolu alan ilk avtomobil olub. Kupenin iki baqaj bölməsi var: oturacaqların arxasındakı bölmə 208 litrlik, arxa kuzov çıxışındakı digər bölmə isə 151 litrlik tutuma malikdir.

Məlum məsələdir ki, rahatlıq elementləri və əlavə elektronika avtomobilin çəksinə təsir göstərib: Lotus Emira modeli AMG mühərriki ilə təchiz edilmiş ən yüngül konfiqurasiyada 1405 kiloqramdır, yəni Toyota istehsalı olan 3,5-litrlik V6 mühərriki ilə təchiz olunmuş Evora kupesindən 10 kiloqram ağırdır. Buna baxmayaraq “Əmir” təkcə marka həvəskarlarını deyil, daha geniş auditoriyanı da cəlb etməlidir. Son zamanlarda şirkət ildə 1400-1600 arasında avtomobil satırdısa, təkcə Emira modelinin hər il 4800 nüsxəlik tirajla satılması planlaşdırılır!

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Yeni ailənin istehsalı Heteldə inşa edilmiş yeni zavodda aparılacaqdır. Şirkət avtomobillərin yığım keyfiyyətini ciddi şəkildə yaxşılaşdırmaq niyyətindədir. Zavodun inşası 100 milyon funt sterlinqə başa gəlib və burada ilk dəfə avtomatlaşdırılmış sahələr peyda olsa da, əl əməyinin payı hələ də böyükdür. V6 mühərrikli Emira modeli 2022-ci ilin yazında satış debütü etməlidirlər. AMG mühərriki ilə hərəkətə gələn sportkar isə həmin ilin yayında satışa çıxarılacaqdır. Sportkarın qiyməti 60 min funt sterlinqən başlayır. Xatırladaq ki, yola saldığımız Lotus Elise 45.500 funt sterlinqdən, Evora isə 86.000 funt sterlinqdən başlayan qiymətlər ilə satılırlar.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.