Lumma Design atelyesi özünün radikal tərzdə hazırlanmış tüninq dəstləri ilə tanınmışdır. Bu dəfə atelye mütəxəssisləri Jaguar F-Pace krossoveri üçün hazırladıqları yeni «kostyumu» təqdim etmişdirlər. CLR F adını almış aerodinamik kuzov parçaları dəstinə aqressiv dizaynlı ön və arxa bamperlər, xüsusi yan kandarlar və avtomobili enli edən təkər tağları daxildir. Bundan başqa, avtomobil karbondan hazırlanmış kapot və arxa diffuzorla təchiz edilir. Tüninq dəstinin ən nəzərə çarpan elementi isə öndə 285/35 ZR24 və arxada 355/25 ZR24 şinləri ilə təchiz edilmiş 24-düymlük xüsusi təkər diskləridir.
Lumma Design mütəxəssisləri həmçinin avtomobilin 3,0-litrlik üfürməli mühərrikinin üzərində də çalışmışdırlar. Tətbiq edilmiş yeniliklər sayəsində avtomobilin mühərrikinin gücü 380 at qüvvəsində 480 at qüvvəsinə kimi yüksəldilmişdir. Bundan əlavə, Lumma Design atelyesi yeni idman xarakterli dörd ədəd cütlənmiş buraxılış boruları olan səsboğucu sistem də təklif edir.
CLR F dəsti bu ilin üçüncü rübündən başlayaraq satışa çıxarılacaqdır. Lumma Design avtomobilin eksteryerini təkmilləşdirməklə bərabər onun interyerində də dəyişikliklər etməyi təklif edir.
Bunun üçün atelyenin arsenalında yüksək kefiyyətli dəri və alkantara, alüminium və karbon, həmçinin tünerin loqotipi olan ayaqaltılar və alüminiumdan hazırlanmış pedallar dəsti də mövcuddur.