Lynk&Co markası model xəttinin üçüncü avtomobili olan 03 sedanını təqdim edib. Yeni sedan il yarım bundan öncə nümayiş etdirilmiş Lynk&Co 03 konseptinin seriya variantıdır. 03 indeksli sedan 01 və 02 krossoverləri kimi Volvo və Geely şirkətlərinin birgə məhsulu olan CMA modul platformasında inşa edilib. Model iki nöb arxa asqı ilə təklif ediləcəkdir: çoxqollu və tirli.
Dizayna gəldikdə yeni sedan keçən ilki konsepti təkrar edir, lakin ölçüləri böyüdülmüş əsas fənərləri və bamperlərin daha aqressiv dizaynı ilə seçilir. Golf sinfinin nümayəndəsi olan Lynk&Co 03 modelinin qabarit uzunluğu 4657 millimetr, eni - 1840 millimetr, hündürlüyü isə 1460 millimetrdir. Avtomobilin təkər bazasının genişliyi 2730 millimetrə bərabərdir.
İlkin olaraq, sedan 156 və 180 at qüvvəsi variantlarında gücə malik olan 1,5-litrlik benzin turbomühərrik ilə təklif ediləcəkdir. Drive-E ailəsindən olan mühərrik altı pilləli mexaniki qutu və yeddi diapazonlu preselektiv robotla tandemdə çalışacaqdır. Sonradan sedanın mühərrik çeşidinə 2,0-litrlik turbomühərrik daxil ediləcəkdir.
Krossoverlər kimi sedan da üç təchizat səviyyəsi və dörd kuzov rəngi ilə təklif ediləcəkdir. İlkin variant olan Lite modifikasiyası altı təhlükəsizlik yastığı, ESP, 16-düymlük təkər diskləri, iri ekranlı multimedia sistemi, virtual cihazlar paneli, mühərriki işə salma düyməsi, dairəvi görüntü kameraları və klimat-kontrol ilə təchiz edilir.
Standart modifikasiyası isə 180 at qüvvəli mühərrikə, dəri salona, 17-düymlük təkər disklərinə və zəngin dekora sahibdir. Top variant sayılan Pro modifikasiyası 18-düymlük təkər disklərinə, adaptiv kruiz-kontrola və aktiv təhlükəsizlik sistemləri kompleksinə malikdir.
Çində 03 sedanının satış qiyməti 17-22 min dollar arasındadır. Avtomobilin Avropa bazarı üçün nəzərdə tutulan modifikasiyaları Belçikanın Gente şəhərindəki zavodda istehsal ediləcəkdir.